“Haqqsızlıqlara qarşı aparılan mübarizə nəticəsində böyük bədəllər ödəyərək öz iradəsi ilə dövlətini qorumağı bacarmışdır. Şimali Kipr Türk Cümhuriyyəti demokratik, müasir və sağlam qurumları ilə getdikcə möhkəmlənməkdədir. Cümhuriyyətimiz, beynəlxalq ictimaiyyətin illərdir Kipr türklərinə qarşı tətbiq etdiyi ədalətsiz və insanlıqdan kənar embarqo və izoliyasiya siyasətlərinə baxmayaraq, xalqımızın iradəsi və Türkiyə Cümhuriyyətinin dəstəyi ilə hər keçən gün daha da inkişaf edir, güclənir və tərəqqi yolunda irəliləməyə davam edir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Şimali Kipr Türk Cümhuriyyətinin 42-ci ildönümünə həsr olunan rəsmi tədbirdə səsləndirib.
Deputat bildirib ki, Kipr türkü öz suverenliyinin, müstəqilliyinin və dövlət sahibi olmasının qiymətini dərk edərək haqq mübarizəsini əzmlə davam etdirəcək: “Birgə dövlətin dağılmasından bu yana 62 il keçmişdir. Kipr məsələsinin adada mövcud olan iki ayrı xalqın və iki ayrı dövlətin reallığı əsasında ədalətli və davamlı bir həllə qovuşması yalnız Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması ilə mümkün olacaqdır".
Cavanşir Feyziyev vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına qoşulması Kipr türkləri üçün həm məsuliyyət, həm də qürur mənbəyidir: “Şimali Kipr Türk Cümhuriyyətinin 10 noyabr 2022-ci ildən etibarən qardaşlığımızın, ortaq keçmişimizin və qədim dəyərlərimizin təcəssümü olan Türk Dövlətləri Təşkilatı çətiri altında yer alması böyük əhəmiyyət kəsb edir. Bu, Kipr türklərinin Türk dünyasındakı yerini daha da möhkəmləndirir".
Deputat qeyd edib ki, ölkə Türk dünyasının birliyi istiqamətində həyata keçirilən bütün fəaliyyətlərdə fəal şəkildə iştirak edir: “Türk dünyasının birliyi və həmrəyliyi, içində olduğumuz geosiyasi şəraitdə böyük əhəmiyyət daşıyır. Köklü təhsil ənənəsinə malik olan ölkəmizdə hazırda təxminən 50 min türk dünyasından olan tələbə universitetlərimizdə təhsil alır. Bu, bizim ortaq gələcəyə olan inamımızın göstəricisidir".
Cavanşir Feyziyev, həmçinin, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “Türk dünyasının ayrılmaz hissəsi olan Şimali Kipr Türk Cümhuriyyəti ilə qardaş Azərbaycan arasında mövcud olan xüsusi münasibətlər çərçivəsində iqtisadi əməkdaşlıq, ticarət, turizm və ali təhsil sahələrində əlaqələr gündən-günə genişlənir. Bu münasibətlər Kipr türklərinin haqlı mübarizəsinə verilən güclü bir mesajdır".