Seulda “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş kitabın təqdimatı olub

13 Noyabr 2025 20:31 (UTC+04:00)

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitabın təqdimatı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov iki ölkə arasında elmi və mədəni əlaqələrdən, bu sahədə həyata keçirilən uğurlu əməkdaşlıq layihələrindən danışıb. Bildirib ki, Azərbaycan və Koreya xalqları Ural-Altay dil ailəsinə mənsubluğundan, eləcə də oxşar mədəni və mənəvi dəyərlərə sahib olmasından irəli gələrək bir-birinin dil və mədəniyyətinə böyük maraq göstərirlər. Bu da ölkələrimiz arasında əməkdaşlığa və mədəniyyət mübadiləsinə əlavə stimul verir.

R.Həsənov qeyd edib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsinin nəşr olunması Azərbaycan və Cənubi Koreya arasındakı mədəni əməkdaşlığının növbəti nümunəsi olmaqla yanaşı, eyni zamanda, Koreya ictimaiyyətinin Azərbaycanın milli-mədəni irsi barədə daha dərindən məlumatlanması baxımından əhəmiyyətli töhfədir. Belə ki, koreyalı oxucular “Kitabi-Dədə Qorqud” dastanını ana dillərində oxumaqla dost Azərbaycan xalqı barədə daha çox maariflənmək imkanı əldə edirlər. Diplomat çap olunmuş kitabın 1000 nüsxəsinin Koreyanın müxtəlif kitabxanalarına ianə edilməsi barədə məlumat verib.

Səfir R.Həsənov, həmçinin əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini nümayiş etdirən “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanın xalqının qədim folklor nümunəsi kimi əhəmiyyətindən danışıb, onu Türk dünyasının ümumi dəyəri adlandırıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan-Cənubi Koreya əlaqələrinin irəli aparılmasında bu ölkədə yaşayan Azərbaycan diasporunun rolundan bəhs edib. O, diasporumuzun, xüsusilə xaricdəki gənc azərbaycanlıların fəaliyyətinə dəstək göstərilməsinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, Cənubi Koreyadakı gənc diaspor fəallarımızın elm, təhsil, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərmələri və nailiyyətlər əldə etmələri sevindirici haldır.

Professor Banq Min Ho “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının qədim tarixi, zəngin milli-mədəni irsi, adət-ənənələri barədə kifayət qədər dolğun məlumat verən mükəmməl folklor nümunəsi olduğunu qeyd edib, əsərin 6 boyunun artıq Koreya dilində də mövcudluğunun bu ölkədə Azərbaycanın kökləri barədə daha dolğun məlumatlanmaq üçün meydan açdığını bildirib. Azərbaycana səfərlərini, ölkəmizin müasir və xalq ədəbiyyatı ilə tanışlığını xoş təəssüratlarla xatırlayan Banq Min Ho vurğulayıb ki, bədii redaktor qismində dastanın Koreya dilinə tərcüməsi üzərində işləməsi onun Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlığını daha da möhkəmləndirib.

Tərcümənin koreyalı həmmüəllifi, yazıçı Li Sucin azərbaycanlı tərcüməçi Leyla Məsimli ilə uzunmüddətli əməkdaşlığı, hazırkı tərcümə işinin ideyasının yaranması, onun məqsədi, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəni böyük səylə dəstəkləməsi, tərcümə üçün boyların seçimi zamanı diqqət edilən nüanslar barədə ətraflı məlumat verib. O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını Koreyanın xalq ədəbiyyatı ilə müqayisədə təhlil edərək, dastanın ayrı-ayrı boyları ilə Koreyanın müxtəlif folklor nümunələrindəki oxşarlıqları diqqətə çatdırıb və bunu iki xalqın mədəni yaxınlığının sübutu adlandırıb.

Cənubi Koreyanın elmi-mədəni dairələrinin və media nümayəndələrinin, Azərbaycanın bu ölkədə yaşayan diasporunun fəallarının və tələbələrin iştirakı ilə baş tutan tədbirdə, həmçinin Azərbaycana dair digər çap materialları, suvenirlər və kulinariya nümunələri təqdim edilib.