Növbəti regional görüş Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Gəncə və Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon komitələrinin tabeliyində fəaliyyət göstərən 377 ilk həmkarlar ittifaqı təşkilatının sədri iştirak edib.
Yenicag.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədrin müavini Mirzə Cəfərzadə və komitənin məsul əməkdaşları iştirak ediblər.
İlk olaraq AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev çıxış edərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının ölkə üzrə fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib, həmkarlar ittifaqlarının sosial ədalətin təminində və üzvlərin hüquqlarının qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu bildirib. O, həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri barədə geniş məlumat verib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 405 mindən çox üzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündə birləşdirir.