Danimarka hökuməti və müdafiə şirkətləri kiberhücuma məruz qaldı...

13 Noyabr 2025 18:47 (UTC+04:00)

...Danimarka hökumətinin və bir neçə müdafiə şirkətinin veb saytları, ehtimal ki, Rusiya tərəfindən törədilən genişmiqyaslı kiberhücum nəticəsində cümə axşamı günü əlçatan olmayıb. SİA-nın məlumatına görə, Danimarka Mülki Müdafiə İdarəsi bu barədə AFP xəbər agentliyinə bildirib.

Agentliyin məlumatına görə, bir neçə Danimarka veb saytı paylanmış xidmətdən imtina (DDoS) hücumuna məruz qalıb və bu hücum serverləri trafiklə dolduraraq sayta girişi bloklayır.

Danimarka Mülki Müdafiə İdarəsi "bir neçə Danimarka şirkəti və veb saytının hazırda DDoS hücumları səbəbindən fasilələr və nasazlıqlar yaşadığını" bildirib və əlavə edib ki, Danimarka hərbi kəşfiyyatı ilə birlikdə "vəziyyəti yaxından izləyir".

Danimarka müdafiə qrupu Terma kiberhücum barədə AFP-yə məlumat verib.

Terma sözçüsü Tobias Brun-Falkenkrone hadisəyə kimin cavabdeh olduğunu "demək üçün hələ tezdir" deyib.

...Biz bu tip kiberhücuma yaxşı hazırlaşmışıq və tez hərəkət etmişik. Heç bir təhlükəsizlik pozuntusu və ya məlumat itkisi olmayıb, - o əlavə edib.

Bu arada, Rusiyapərəst NoName057 haker qrupu kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Onlar iddia edirlər ki, Danimarka Nəqliyyat Nazirliyinin veb saytlarını və Borger.dk hökumət portalını hədəfə alıblar.

Əli Babayev