Bu ölkələr AB-nin miqrasiya paktına məhkəmədə etiraz edəcəklər...

13 Noyabr 2025 18:24 (UTC+04:00)

SİA-nın məlumatına görə, Euronews xəbər verir ki, Vışeqrad Qrupu dövlətləri (Çexiya, Macarıstan, Polşa və Slovakiya) Avropa İttifaqının miqrasiya paktında həmrəylik mexanizmi ilə nəzərdə tutulmuş miqrantların bölüşdürülməsi öhdəliklərinə etiraz etmək üçün məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Çərşənbə axşamı təsdiqlənən qaydalar AB üzv dövlətlərindən "miqrasiya yükü" ilə üzləşən ölkələri dəstəkləməyi tələb edir. Bu, üç yolla edilə bilər: sığınacaq axtaranları qəbul etməklə, hər rədd edilmiş miqrant üçün xüsusi "həmrəylik fonduna" 20.000 avro köçürməklə və ya ən çox miqrant qəbul edən ölkələri maliyyələşdirməklə...

AB tərəfindən müəyyən edilmiş minimum parametrlər 30.000 miqrant və 600 milyon avrodur.

Lakin, Euronews-un qeyd etdiyi kimi, Vışeqrad Dördlüyü ölkələri təklif olunan bütün variantları rədd edir və AB-nin yeni miqrasiya paktına qarşı hüquqi etirazlara hazırlaşırlar. Adı çəkilmək istəməyən bir diplomatın sözlərinə görə, miqrasiya paktının tətbiqi ciddi çətinliklər yaradacaq, çünki daxili reaksiyadan qorxan əksər AB üzv dövlətləri miqrantların yenidən bölüşdürülməsindən yayınmağa üstünlük verəcəklər.

Polşa və Çexiyanın ölkələrindəki çətin miqrasiya vəziyyətini əsas gətirərək yeni öhdəliklərdən azadolma tələb etməyi düşündükləri vurğulanır.

Diplomat əlavə edib ki, Avropa İttifaqı ölkələrinin miqrantları qəbul etməkdən kütləvi şəkildə imtina etməsi Avropa Komissiyasının cəza tətbiq etməsini qeyri-mümkün edəcək. Daha əvvəl RDIF-in baş direktoru Kirill Dmitriyev nəzarətsiz miqrasiyanın Britaniya və Avropa İttifaqının "sivil intiharına" səbəb olduğunu bildirmişdi.

Əli Babayev