...SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, Çin iqtisadiyyatı daxili istehlak artımında son dörd ilin ən uzun müddətli azalması ilə üzləşir.
Bloomberg tərəfindən sorğu edilən iqtisadçıların fikrincə, cümə günü açıqlanacaq hökumət məlumatları oktyabr ayında pərakəndə satış artımının illik müqayisədə cəmi 2,8 faiz olacağını göstərəcək ki, bu da ardıcıl beşinci yavaşlama və bir ildən çox müddətdə ən zəif göstəricidir.
Hökumət və Kommunist Partiyasının daxili tələbatı dəstəkləməyə üstünlük verdiyi açıqlamalarına baxmayaraq, faktiki nəticələr təvazökar olaraq qalır.
Hətta iqtisadiyyatda istehlakın payını "əhəmiyyətli dərəcədə artırmaq" barədə son vədlər belə hələ də heç bir konkret nəticə verməyib.
Problemlər sənaye istehsalının ümumi zəifləməsi (bir ay əvvəl 6,5 faiz ilə müqayisədə 5,5 faiz artım proqnozu) və əsas vəsaitlərə investisiya qoyuluşunun azalması ilə daha da çətinləşir.
Daşınmaz əmlaka investisiya qoyuluşu iki rəqəmli templə azalmağa davam edir. Citigroup iqtisadçıları qeyd edirlər ki, oktyabr ayındakı yavaşlama təkcə ötən ilin "yüksək bazası" və təqvim amilləri ilə deyil, həm də ümumi iqtisadi impulsun zəifləməsi ilə bağlıdır.
İxrac oktyabr ayında səkkiz aydan sonra ilk dəfə azalsa da, hakimiyyət orqanları yeni stimullaşdırıcı tədbirlər tətbiq etməyə tələsmir, çünki 2025-ci il üçün təxminən 5 faiz ÜDM artım hədəfi əldə edilə bilər.
Hökumət investisiya və regional büdcələri dəstəkləmək üçün 1 trilyon yuan (141 milyard dollar) məbləğində vəsait ayıracağını açıqlayıb, lakin bu tədbirlərin təsiri dərhal özünü göstərməyəcək.
Bu arada, xarici ticarət nisbətən sabit olaraq qalır: Macquarie Group mütəxəssisləri qeyd edirlər ki, güclü qlobal tələbat və Çin istehsalının rəqabət qabiliyyəti daxili böhranın təsirini azaltmağa kömək edir.
Əli Babayev