Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasını təmin edir. Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir. Oktyabr ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 15 min 205 müraciətdən 14 min 939-u cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 94 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 2 dəqiqə 11 saniyə ərzində cavab verilib. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri vasitəsilə ay ərzində 266 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 326 vətəndaşın suallarının cavablandırılması təmin edilib.
“Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir”, - deyə məlumatda vurğulanıb.