"Xalqla dövlət arasında inam gücləndirilir" - MÖVQE BİLDİRİLDİ

13 Noyabr 2025 17:16 (UTC+04:00)

"Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçıları və Naxçıvandakı sosial nümayəndə ilə görüşdə səsləndirdiyi fikirlər, Azərbaycan dövlətinin daxili siyasətinə və gələcək siyasətə yönəlik baxışının bariz nümunəsi idi". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, son dövrlərdə bəzi icra başçıları ilə bağlı baş verən hadisələr – onların vəzifədən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi və bu səbəbdən həbs olunmaları – dövlətin, o cümlədən Prezidentin ciddi narahatlığına səbəb olub: "Bu kimi hallar vətəndaşla dövlət arasında inamsızlıq yaradır, cəmiyyətdə dövlət strukturlarına güvəni azaldır.

Prezident İlham Əliyev də bu cür neqativ halların qarşısını almaq üçün yeni təyin olunan məmurlarla görüşündə bu məsələnin vacibliyini vurğulayıb. Ümid edilir ki, istər yeni, istərsə də əvvəldən təyin olunmuş məmurlar bundan nəticə çıxararaq Prezidentin müəyyən etdiyi xətti rəhbər tutacaq, qanun pozuntularına yol verməyəcək və xalqa xidmət prinsipini daim prioritet sayacaqlar.

Prezidentin verdiyi tapşırıqların məqsədi xalq-dövlət birliyini gücləndirmək, məmurların vəzifələrini qanun çərçivəsində yerinə yetirməsini təmin etməkdir. Bu isə Azərbaycanın davamlı inkişafı üçün mühüm təkan olacaq".