Milli komandadan gözləntilər nələrdir? - SORĞU

13 Noyabr 2025 17:08 (UTC+04:00)

Müasir idman həyatında milli komandamızın oyunları həm ölkə daxilində, həm də xaricdə böyük maraq doğurur. Azarkeşlər komandamızın çıxışını diqqətlə izləyir, nəticələrə emosional reaksiya verir və oyunlarla bağlı öz fikirlərini paylaşırlar. Lakin bəzi azarkeşlər hesab edir ki, milli komandanın bəzi oyunçularının olmaması və ya taktiki seçimlər nəticələrə mənfi təsir göstərə bilər. Digərləri isə düşünür ki, komandanın gücü və kollektiv işi uğurlu nəticələr üçün kifayətdir. Bu məsələ ilə bağlı SİA olaraq şəhər sakinlərinin milli komandamızın növbəti oyunları ilə bağlı gözləntilərini və fikirlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Ənvər Əhmədli: "Milli komandada belə bir irəliləyiş ola bilər ki, oyunçuların çoxu “Qarabağ” klubunun üzvləridir. Biz milli komandamıza hər zaman güvənirik. İnşallah, nəticə yaxşı olar və hər iki oyunda qalib gələcəyik. Elvin Cəfərquliyev və Şahrudinin olmaması komanda üçün müəyyən itkilərdir, lakin onların yerinə yaxşı oyunçularımız var. Toral Bayramov və Rza Cəfərov bu gün bu itkini dolduracaqlarına inanıram. Amma son söz yenə də milli komandamızın baş məşqçisi Ayxan Abbasovun olacaq. Oyunla bağlı mənim texmini hesabım: Azərbaycan millisi İslandiyanı 2:1 hesabı ilə qalib gələcək. Bir daha millimizə uğurlar arzulayıram".

Şəhər sakini Rəvan Bağbanov: "Bu dəfəki oyunlar Azərbaycan millisi üçün çox önəmlidir. Son illərdə komandamızda gənc və təcrübəli oyunçuların qarışığı formalaşıb, bu da ümumi oyun keyfiyyətinə müsbət təsir göstərir. Mən inanıram ki, hər iki oyunda millimiz güclü çıxış edəcək. İslandiya və Fransa kimi komandalar güclüdür, amma millimiz də əzmkardır və hər iki oyunda qalib gəlmək üçün kifayət qədər potensiala sahibdir. Hesab təxminim: İslandiya ilə oyun 1:1, Fransa ilə oyun 0:2 olacaq. Ümid edirəm ki, baş məşqçi Ayxan Abbasovun düzgün taktiki qərarları və oyunçuların birlikdəliyi müsbət nəticə verəcək".

Şəhər sakini Əmrah Vəliyev: "Milli komanda artıq daha təcrübəli oyunçulardan ibarətdir və onların birgə oyun təcrübəsi yaxşıdır. Bu, xüsusilə gənc futbolçuların enerjisi ilə dəstəklənir. Komandanın ruhu və oyun üslubu artıq daha güclüdür. Mən ümid edirəm ki, hər iki oyunda Azərbaycan millisi yaxşı nəticələr göstərərək qalib gələr. Mənim texniki hesab təxminim belədir: İslandiya ilə oyun 2:1, Fransa ilə oyun 1:1. Hər iki qarşılaşmada oyunun gedişatını diqqətlə izləmək vacibdir, çünki rəqiblər də güclüdür.

Şəhər sakini Aysel Əliyeva: "Milli komandamıza güvənirəm. Oyunçuların forması və hazırlığı yüksək səviyyədədir və mən ümid edirəm ki, hər iki oyunda nəticə müsbət olacaq. İslandiya ilə oyun üçün hesab təxminim 2:1, Fransa ilə oyun üçün isə 0:2-dir. Məncə, oyunçuların ruh yüksəkliyi və taktiki hazırlığı bu nəticələri reallaşdıra bilər. Millimizin tərəfdarları olaraq biz də onları dəstəkləməliyik ki, uğurlar davam etsin".

Şəhər sakini Ömər Bayramov: "Oyunçuların birgə oynamaq təcrübəsi çox vacibdir. ‘Qarabağ’ klubu oyunçularının millidə iştirakı komandanın birliyini artırır. Mənim gözləntim budur ki, Azərbaycan millisi İslandiyanı məğlub edəcək, Fransa isə çətin rəqibdir. Amma yaxşı hazırlıq və komandanın motivasiyası sayəsində, Fransa ilə oyunda heç-heçə mümkündür. Hesab təxminim: İslandiya 2:0, Fransa 1:1. Ümid edirəm ki, millimizin ruhu və gücü hər iki oyunda özünü göstərəcək".

Şəhər sakini Gülnar Əzizova: "Millimizdə gənc və enerjili oyunçuların olması komandanın gücünü artırır. Mən ümid edirəm ki, Azərbaycan millisi hər iki oyunda yaxşı nəticələr göstərərək özünü sübut edəcək. Hesab təxminim: İslandiya 1:0, Fransa 1:2. Oyunçuların bir-biri ilə harmoniyası və baş məşqçinin düzgün taktiki qərarları nəticəyə birbaşa təsir edəcək. Bu iki oyun həm də gələcək üçün əhəmiyyətlidir və milli komandanın imicini daha da gücləndirəcək".

Şəhər sakini Sübhan Talıbov: "Əsas məsələ komandada əzm və istəkdir. Azərbaycan millisi motivasiyalıdır və baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında yaxşı oyun nümayiş etdirir. Komandanın birliyi və taktiki hazırlığı hər iki oyunda mühüm rol oynayacaq. Mən hesab edirəm ki, İslandiya ilə oyun 1:0, Fransa ilə oyun isə 0:2 olacaq. Bu oyunlar həm də millinin gələcək planları üçün önəm daşıyır və nəticələr milli komandamıza özünü göstərmək imkanı verəcək.