"Kredit yalnız rəsmi gəlirə əsaslanmamalıdır" - AYDINLIQ GƏTİRİLDİ

13 Noyabr 2025 16:40 (UTC+04:00)

"Minlərlə vətəndaş hər hansı bir istehlak krediti əldə edərkən, əsasən onların rəsmi gəlirlərinə baxılır. Yəni real gəlirin ölçülməsi və ya həmin kreditin real gəlirlərə uyğun olub-olmaması məsələsinə kifayət qədər diqqət yetirilmir. Halbuki real gəlir hər bir müştəriyə görə fərqli ola bilər və fərqli nüanslar daşıyır". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi resursların öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, mövcud vəsaitin (kreditin) verilməsi zamanı Mərkəzi Bankın müəyyən etdiyi tələblər var və bu tələblərə tam şəkildə əməl olunduğu halda, borcalanın real gəlirlərini müəyyən qədər dəqiq ölçmək mümkündür. Məsələn, borcalanın boşanması, aliment öhdəliyi, himayəsində olan şəxslərin olması, ailə üzvlərinin sayı kimi faktorlar nəzərə alınır. Lakin bütün bu göstəriciləri tam dəqiqliklə ölçmək yenə də çətindir.

Çünki kredit verilərkən əsasən rəsmi gəlirə — məsələn, 600 manat, 1000 manat və ya daha artıq aylıq gəlirə — baxılır və kredit məbləği buna uyğun müəyyən olunur. Təbii ki, burada borcalanın özü də maliyyə savadlılığı nümayiş etdirməli və real imkanlarını düzgün qiymətləndirməlidir. Yəni özünü əlavə maliyyə yükü altına salmamalı və nəticədə sosial yardıma ehtiyac duyan bir vəziyyətə düşməməlidir.

Təəssüf ki, bu gün müşahidə edirik ki, bir çox insan öz gəlir səviyyəsini nəzərə almadan kreditlərə girir və nəticədə borc yükü səbəbindən sosial proqramlara ehtiyac duyur.