Ötən il aparılan monitorinqin nəticələrinə əsasən, STEAM fənni tədris olunan siniflərdə oxuyan şagirdlərin yaradıcı problem həlli, tənqidi düşünmə, təşəbbüskarlıq və kommunikasiya bacarıqları üzrə göstəriciləri müqayisə qrupunun nəticələrindən daha yüksək olub. Bu barədə SİA-nın sorğusuna cavab olaraq STEAM Azərbaycan layihəsinin İctimaiyyətlə əlaqələr və kommunikasiya bölməsinin rəhbəri Gülnar Xanəliyeva məlumat verib. O bildirib ki, STEAM fənni tədris olunan şagirdlərin 65 faizində mühəndisliyə maraq artıb, 62 faizində texnoloji yenilikləri izləməyə motivasiya yüksəlib, 61 faizində isə dərslərin praktikliyi mövzunun daha yaxşı mənimsənilməsinə kömək edib.