"Müasir Azərbaycanın qurucusu Ulu Öndərdir" - ŞƏRH EDİLDİ

13 Noyabr 2025 19:43 (UTC+04:00)

"Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü ərəfəsindəyik. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı ağrı-acı tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün reallıqları bir daha təsdiqlədi ki, müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni uçurumun kənarına gətirmişdi: "Torpaqlarımız əldən gedir, ərazi bütövlüyümüz pozulur, soydaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. Həmin illərin çətinlikləri, xalqın üzləşdiyi faciələr, eyni zamanda, hər bir ölkənin inkişafında lider amilinin roluna da işıq saldı. 33 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu.

Belə bir çətin dövrdə Azərbaycanın taleyi üçün narahat olan ziyalılar öz sözlərini dedilər. Adları tarixə “91-lər” kimi yazılan həmin ziyalılar “Azərbaycan Sizin sözünüzü gözləyir!” müraciəti ilə o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdular. Azərbaycanı gözləyən təhlükələrdən qoruya biləcək gücə, təcrübəyə, idarəçilik qabiliyyətinə malik olan Ulu Öndər Heydər Əliyevdən respublikanı düşdüyü vəziyyətdən çıxarmaq üçün xilaskarlıq missiyasını yerinə yetirməyi xahiş etdilər. Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində müraciətdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Faktiki olaraq 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra bir il keçməmiş 1993-cü ilin iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı və doğma Vətəninin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri, oktyabr ayında isə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.

Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyev YAP yarandığı gündən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını etməklə bu siyasi təşkilatın gələcəyinə böyük inamını ifadə etdi. İllər keçdikcə partiya atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla milyonların sevgisini, rəğbətini qazandı. Sözlə əməl birliyi YAP-ı cəmiyyətin avanqard qüvvəsinə çevirdi. 1992-ci ilin 21 noyabr tarixində respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə təsis konfransını Naxçıvanda keçirən YAP-ın üzvlərinin sayı bu gün 800 minə yaxındır. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Yeni Azərbaycan Partiyası ötən 33 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq partiyası olduğunu sübut etdi.

Tarixi Zəfərimiz, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində atılan addımlar, onların uğurlu nəticələri 33 illik yolun aydın mənzərəsini yaradır. Yeni Azərbaycan Partiyasının Zəfərin reallıqları fonunda 2021-ci il martın 5-də keçirdiyi VII qurultay partiyanın həyatında böyük tarixi hadisə oldu. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də 1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu hədəfləri reallığa çevirməsinin təqdimatı oldu. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin proqram xarakterli çıxışında qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 5 mart 2021-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin Birinci müavini təyin edildi. Mehriban xanım Əliyeva ictimai-siyasi həyatda, davamlı xarakter alan islahatlar prosesində fəal iştirakı ilə müasir müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərinin reallığa çevrilməsinə böyük töhfələr verir. Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 33 ilin uğurları yeni-yeni hədəflərə doğru inamla addımlamağa stimul verir".