Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç olub. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu gün hər iki kəndə, ümumilikdə, 50 nəfərdən ibarət 15 ailə köçürülüb. Onlardan 9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi məskunlaşıb.
Yeni mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib. Bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu diqqət mərkəzində saxlanılır, onlara həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün lazımi şərait var.
Xatırladaq ki, əvvəlki mərhələlərdə Daşbulaq kəndinə 91 nəfərdən ibarət 21 ailə, Badara kəndinə isə 31 ailə (117 nəfər) köçürülüb. Hər iki yaşayış məntəqəsində sakinlərin rahat həyatı üçün bütün zəruri infrastruktur – elektrik, qaz, su, rabitə və kommunal xidmətlər tam şəkildə bərpa olunub.