“İnternet, sosial media və yeni platformalar ("YouTube", "TikTok" və s.) sayəsində informasiyanın yayılması sürətlənib. Lakin bu, eyni zamanda yanlış, dezinformasiya xarakterli və təhlükəli məzmunların da yayılmasına səbəb olub. Bu səbəbdən istər dünyada, istərsə də Azərbaycanda informasiya təhlükəsizliyinə dair qanunverici aktlar qəbul olunub, dövlət qurumları bu sahəyə nəzarəti gücləndiriblər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydınxan Əbilov deyib.
Onun sözlərinə görə, hər bir internet istifadəçisi istər blogger, istər adi şəxslər sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə məsuliyyət daşımalıdır: “Lakin bəzi hallarda istifadəçilər yazdıqları şərhlərin və paylaşdıqları məlumatların hüquqi nəticələrindən xəbərsiz olurlar. Bu, internetin ilkin mərhələlərində daha geniş yayılmışdı. İndi isə istifadəçilər daha ayıqdır və saxta informasiyaların zərərini dərk etməyə başlayıblar.
İnformasiya zibillənməsi yəni internetdə lazımsız, yanlış, zərərli məlumatların artması cəmiyyətə mənfi təsir edir, milli və mənəvi dəyərləri zədələyir. Bu səbəbdən hər kəs alimlər, jurnalistlər, siyasətçilər, ictimai xadimlər və adi vətəndaşlar bu prosesə qarşı məsuliyyətli davranmalıdırlar. Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları bu sahədə nəzarət tədbirləri görür, qanun pozanlara qarşı hüquqi addımlar atılır. Beynəlxalq platformalar da (Facebook, X/Twitter, TikTok və s.) öz qaydalarını sərtləşdirərək zərərli məzmunları bloklayır və istifadəçi profillərini bağlayırlar.
Azərbaycan qanunvericiliyində informasiya təhlükəsizliyi ilə bağlı inzibati və cinayət məsuliyyətləri mövcuddur. Cərimələr, ictimai qınaq və maarifləndirmə tədbirləri bu sahədə intizam yaratmaq üçün vasitə kimi nəzərdə tutulur. Təklif edirəm ki, informasiya Təhlükəsizliyi və Sosial Media İnkişafı Fondu kimi bir qurumun yaradılsın və cərimələrdən toplanan vəsait internetin sağlam inkişafına yönəldilsin. İnformasiyanın təhlükəsizliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Doğru və sağlam informasiya mühiti qurmaq üçün həm hüquqi, həm də mənəvi məsuliyyət əsasdır. Sosial şəbəkələrdə sərbəstliyin arxasında ciddi bir məsuliyyət durur və bunu hər kəs dərk etməlidir”.