Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli dəyərlərinin və müasir hüquqi düşüncəsinin təcəssümüdür. O, cəmiyyətin siyasi, sosial, iqtisadi və mədəni həyatını tənzimləyən, insan hüquq və azadlıqlarının təminatçısı olan ali hüquqi sənəddir.
Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın mahiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) dövlətin əsas qanunu qəbul edilməsə də, müstəqil dövlətçilik ideyalarının əsası məhz həmin dövrdə qoyuldu. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə qəbul olundu, sonrakı onilliklərdə SSRİ-nin Konstitusiyalarına uyğun olaraq bir neçə dəfə yeniləndi. 1978-ci il Konstitusiyası isə Azərbaycan SSR-in sonuncu əsas qanunu oldu.
Həmin sənədin hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuş, məhz onun təşəbbüsü ilə Konstitusiyada “Azərbaycan dili dövlət dilidir” maddəsi təsbit edilmişdi.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan yeni hüquqi əsaslar üzərində dövlət quruculuğuna başlamalı idi. Lakin yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi altında ölkədə sabitlik bərpa olundu və müasir Konstitusiyanın hazırlanması mümkün oldu.
Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan layihə 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edildi. Seçicilərin 91,9 faizi Konstitusiyanın lehinə səs verdi və bu sənəd noyabrın 27-də qüvvəyə mindi.
Ulu Öndərin 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.
1995-ci il Konstitusiyası Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində dönüş nöqtəsi oldu. Bu sənəd dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağı, hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə) təmin etməyi, insan hüquq və azadlıqlarının müdafiəsini, demokratik və hüquqi dövlətin əsaslarını müəyyənləşdirdi.
Prezident İlham Əliyev vurğulamışdı ki, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və milli prinsiplərə əsaslanaraq demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr olunmuşdur ki, bu da sənədin humanist mahiyyətini nümayiş etdirir.
1997-ci ildə “Konstitusiya Məhkəməsi haqqında” Qanun qəbul edildikdən sonra 1998-ci ildə bu ali hüquqi orqan fəaliyyətə başladı. Beləliklə, Azərbaycanda konstitusiya ədalət mühakiməsi sistemi formalaşdırıldı və hüquqi dövlət quruculuğunun əsas prinsipləri möhkəmləndirildi.
Zamanın çağırışlarına uyğun olaraq, Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə, bələdiyyələrin və məhkəmə orqanlarının səmərəli fəaliyyətinə yönəlmişdir. 2016-cı ildə qəbul edilən dəyişikliklə idarəetmədə yeni təsisat — Birinci vitse-prezidentlik institutu yaradıldı.
Prezident İlham Əliyevin Konstitusiyaya verdiyi bu yeniliklər Azərbaycanın hüquqi-siyasi sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaratdı. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya həm sabitliyin, həm də inkişafın təminatına çevrilmişdir.
2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən Dövlət Suverenliyinin Tam Bərpası əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi.
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Həmin ilin Tədbirlər Planına uyğun olaraq ölkənin bütün bölgələrində maarifləndirici layihələr və elmi-praktik konfranslar keçirilir.
Eləcə də dövlət başçısının təşəbbüsü ilə 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis olunmuşdur. Bu medal Konstitusiyanın təkmilləşdirilməsinə, hüquq sisteminin inkişafına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verən şəxslərə təqdim ediləcək.
Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, dövlət müstəqilliyini və insan hüquqlarını ifadə edən ən ali hüquqi sənəddir. O, ölkəmizin sabit inkişafının, suverenliyinin və hüquqi dövlət quruculuğunun təminatıdır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı bu möhkəm hüquqi təməl bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, dayanıqlı inkişafın və milli birliyin əsası olaraq qalır.
Pərvanə Vəliyeva
MM deputatı