2026-cı ildə əkin subsidiyasının ödənilməsi ilə bağlı 290 milyon manat proqnozlaşdırılıb - Məcnun Məmmədov

13 Noyabr 2025 13:07 (UTC+04:00)

2026-cı ildə əkin subsidiyasının ödənilməsi ilə bağlı 290 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin büdcə göstəriciləri ilə müqayisədə 6 milyon manat və ya 2 faiz az, 2024-cü ilin faktiki xərcləri ilə müqayisədə 16 milyon manat və ya 5,8 faiz çoxdur. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 13-də parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, məhsulun miqdarına görə verilən subsidiyanın məbləği məhsuldarlığın artımı ilə bilavasitə əlaqəli olduğundan bu, subsidiya istehsalının stimullaşdırılmasına əsaslı təsir edir. 2026-cı ildə məhsul subsidiyasının ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılıb.

“Qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlığın yüksəldilməsi, yarımintensiv və intensiv saxlama metodlarının genişləndirilməsi heyvandarlığın inkişafının əsas yollarıdır. Bu istiqamətdə yüksək məhsuldar qaramalın idxal edilərək lizinqə verilməsi və süni mayalama yolu ilə mövcud olan heyvanların genetik potensialının yaxşılaşdırılması, habelə istehsalçıların özlərinin damazlıq heyvanların idxal edilməsi təşəbbüslərinin dəstəklənməsi kimi irimiqyaslı tədbirlər həyata keçirilir”, - deyə o əlavə edib.