Son aylarda Azərbaycanda ərzaq məhsullarının, xüsusilə də süd və süd məhsullarının qiymət dinamikası ictimai diqqət mərkəzindədir. Rəsmi məlumatlara əsasən, cari ilin yanvar-avqust aylarında ölkəmiz 3 700 tondan çox kərə yağını xarici ölkələrə ixrac edib və bu satışdan təxminən 25 milyon ABŞ dolları gəlir əldə olunub. Əsas ixrac istiqamətləri Rusiya, Özbəkistan və Türkmənistan olub. Maraqlıdır ki, Azərbaycan mənşəli kərə yağı xarici bazarlarda kiloqramı 9–12 manata satıldığı halda, daxili bazarda bu məhsulun qiyməti 20–22 manat aralığında dəyişir.
Bu fakt cəmiyyət arasında haqlı suallar doğurur: Nəyə görə ölkədə istehsal olunan məhsul xaricdə daha ucuz, daxildə isə daha bahadır?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, məqsəd daha çox kərə yağlarının ixrac edilməsinə nail olmaqdan ibarətdir:
"Çünki ixrac ölkəyə xarici valyutanın daxil olmasına imkan yaradır. Bu baxımdan qeyri-neft ixracatının artırılması vacibdir. Ümumiyyətlə kərə yağı bazarında fərqli keyfiyyətdə olan çoxlu məhsul var. Azərbaycanın istehlak bazarında da bu məhsul üzrə fərqli qiymətləri müşahidə edirik. Bu da birbaşa keyfiyyətlə bağlıdır. Hətta araşdırmalar göstərir ki, daha çox istifadə olunan Yeni Zellandiya yağının son dövrlərdə dünya bazarında qiyməti artıb. Ona görə də istehlakda yerli istehsalın payını artırmaq lazımdır. Yerli istehsalın hesabına idxalın azaldılmasına səbəb olur. İdxalın da azaldılması qiymətlərin optimallaşdırılmasına və ölkənin istehlak bazarında kərə yağı qiymətərində idxal inflyasiyasının minimumlaşdırılmasına gətirib çıxara bilər".