Məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid nəzərdə tutulur

13 Noyabr 2025 12:48 (UTC+04:00)

Məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid nəzərdə tutulur. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məqsəd müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırmaqdır:

"Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər".

Emin Əmrullayevin sözlərinə görə, bu modeldə yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər iştirak edə biləcəklər:

"Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə – sovet sistemindən miras qalmış "stavka" prinsipi ilə işləməyə davam edə bilər. Amma biz başa düşməliyik ki, bu sistem artıq köhnəlib və gələcəkdə davamlı ola bilməz. Hazırda təxminən hər dörd müəllimdən biri həftədə cəmi 13 saat dərs deyir Yeni model müəllimin məktəbə daimi bağlılığını təmin edəcək və əməyin qiymətləndirilməsində əsaslı dönüş yaradacaq".