“Rusiya-Ukrayna münaqişəsi yalnız iki ölkə arasındakı savaş deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

13 Noyabr 2025 12:42 (UTC+04:00)

"Hazırda Rusiya–Ukrayna müharibəsi özünün strateji baxımdan yeni mərhələsinə qədəm qoyub. Rusiya ordusu son aylarda xüsusilə Donetsk vilayətində, o cümlədən Pokrovsk və ətraf bölgələrdə irəliləyiş əldə edib. Bununla Moskva həm hərbi, həm də psixoloji üstünlüyü ələ keçirməyə, Ukraynanın müdafiə xətlərini zəiflətməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Rusiya son dövrlərdə müharibədə taktikasını dəyişərək daha planlı və mərhələli hücum strategiyasına keçib. Artıq genişmiqyaslı hücumlar yerini məqsədyönlü, koordinasiyalı əməliyyatlara verib. Bu strategiyanın əsas məqsədi Ukraynanın müdafiə potensialını tükəndirmək və Qərbdən gələn silah və yardımın gecikməsindən maksimum faydalanmaqdır: "Ukrayna tərəfi isə müdafiə xəttlərini gücləndirmək, həmçinin dron və uzaqmənzilli silahlardan istifadəni artırmaqla mübarizəni davam etdirir. Lakin Rusiya ordusunun artan raket və pilotsuz aparat hücumları, xüsusilə enerji infrastrukturuna yönələn zərbələr Ukraynanın müdafiə qabiliyyətini və daxili sabitliyini çətinləşdirir. Ukraynanın bu mərhələdəki əsas dayağı Qərbin hərbi və maliyyə dəstəyidir. Lakin Qərb ölkələrində yaranan siyasi qeyri-müəyyənlik, ABŞ-da seçkilərdən sonrakı vəziyyət və Avropadakı iqtisadi gərginlik Kiyevin resurs təminatına mənfi təsir göstərə bilər. Rusiya isə bu vəziyyətdən istifadə edərək həm hərbi, həm diplomatik təzyiqi artırmağa çalışır.

Diplomatik sahədə də ciddi irəliləyiş müşahidə edilmir. Hər iki tərəf danışıqlara hazır görünmür. Rusiya döyüş meydanında əldə etdiyi üstünlüyü sülh masasında güzəştə çevirmək istəyir, Ukrayna isə geri addım atmağı məğlubiyyət kimi qiymətləndirir. Bu isə yaxın perspektivdə sülh ehtimalını azaldır. Qarşıdakı altı-on iki ay ərzində iki əsas ssenari mümkündür. Birinci ssenariyə əsasən, Rusiya daha bir neçə strateji bölgəni ələ keçirməklə Ukraynanı tam müdafiə səfərbərliyinə məcbur edə bilər. İkinci ssenari isə Qərbin yardımlarını artırması və müharibənin “dondurulmuş münaqişə” mərhələsinə keçməsi ehtimalıdır. Rusiya-Ukrayna münaqişəsi artıq iki ölkə arasında müharibə olmaqdan çıxıb və qlobal güc mərkəzləri arasında nüfuz savaşı səviyyəsinə yüksəlib. Rusiya Qərbə qarşı geosiyasi meydan oxumağı davam etdirir, Qərb isə Ukraynanı demokratik dəyərlərin və Avropa təhlükəsizliyinin ön xətti kimi qorumağa çalışır. Bu isə göstərir ki, müharibənin yaxın zamanda bitməsi hələlik real görünmür".