İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib, bunun 76 faizi regionların payına düşüb. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Fondun vəsaiti hesabına banklar vasitəsilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 milyon manat olan 4590 investisiya layihəsinə 250 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500 yeni iş yerinin açılması imkanı yaranıb. Eyni zamanda, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən 498 investisiya layihəsinə 27,9 milyon manat güzəştli kredit verilib, 367 yeni iş yerinin açılması imkanı yaranıb.
“Bununla yanaşı, qeyd etmək istərdim ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin və iqtisadiyyatın müxtəlif sahələrində layihələrinin reallaşdırılmasına da şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7 faiz artaraq, 333 minə yaxın olub”, - deyə nazir müavini əlavə edib.