“YAP böhranlı bir dövrdə iqtidara gəldi və mühüm işlər görüldü” - ŞƏRH EDİLDİ

13 Noyabr 2025 11:54 (UTC+04:00)

“33 il öncə, yəni 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə Yeni Azərbaycan Partiyası yarandı və bu partiya yarandığı ilk gündən ümumxalq partiyası adını aldı. 1992-ci ildə Yeni Azərbaycan Partiyası yarandığı gün Azərbaycanda müxalif partiya kimi qeydiyyatdan keçdi. Çünki həmin dövrdə hakimiyyətdə Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyasının birgə iqtidarı dövrü idi. Həmin dövrdə isə Azərbaycanın ən ağır vəziyyətdə olduğu dönəmlər idi. Belə ki, artıq Qarabağa, Azərbaycanın ərazi bütövlüyünə təcavüz olunmuşdu, bir sıra rayonlarımız işğal olunmuşdu. Ölkədə bütün sahələrdə ağır böhran yaşanırdı. Eyni zamanda ən ağır faciə olan Xocalı hadisəsi yaşanmışdı. Azərbaycan elə bir vəziyyət idi ki, xalq artıq yeni partiya, lider istəyirdi. Həmin dövrlərdə isə Ulu Öndər Naxçıvanda idi və xalq yeganı çıxış yolunu Ulu Öndərin hakimiyyətə gəlməsində görürdü”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Ulu Öndər xalqın təkid və tələbi ilə Bakıya gəldi: “Ulu Öndər Naxçıvanda olduğu müddətdə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradıldı. YAP zamanın zərurətindən yaranmış partiya idi. Həmin dövrdə Azərbaycanın 91 ziyalısı Ulu Öndərə müraciət ünvanladı ki, Ümummilli Lider Azərbaycana gəlsin. Sözügedən müraciət Azərbaycanda böyük bir rezonans doğurdu, bütün bölgələrdə Heydər Əliyevin gəlişi ilə bağlı insanlar ayaqda idi.

Ulu Öndər iyun ayının əvvəlində Bakıya gəldi və Bakıda artıq Milli Məclisdə spiker vəzifəsini icra edirdi. Artıq həmin dövrdən bütün bölgələrdə təşkilatlanma yarandı. YAP böhranlı bir dövrdə artıq iqtidara gəldi və bununla da qısa müddət ərzində mühüm işlər görüldü. Dövlətimiz bütün sahələrdə çox ciddi, sağlam fundament quruldu. Bütün görülən işlər Ulu Öndərin xalqına olan sevgisi, müdrikliyi sayəsində baş verdi. 2003-cü ilə qədər Ulu Öndər Azərbaycanı dünyada tanıtdı, erməni təbliğatını ləğv etdi. 2003-cü ildən isə İlham Əliyev Ulu Öndər siyasətinə sadiq qalaraq dövlətimizin daha da inkişafı üçün mühüm işlər gördü. Bütövlükdə, Yeni Azərbaycan Partiyası Azərbaycanın dünənin, bugünün və gələcəyin partiyasıdır”.