Mərkəzi Bankın 2025-ci ilin oktyabr proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,2 faiz, qeyri-neft-qaz ÜDM-i üzrə 3,7 faiz olacağı gözlənilir. SİA qurumun “Pul Siyasəti İcmalı”na istinadla bildirir ki, proqnozlara görə 2025-ci ildə ümumi ÜDM-in artımına neft-qaz ÜDM-i azaldıcı, qeyri-neft-qaz ÜDM-i isə artırıcı təsir edəcək. Qeyri-neft-qaz sektoruna ev təsərrüfatlarının istehlakının artırıcı təsirinin nisbətən azalacağı gözlənilir.
2026-cı ildə real iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2 faiz və 4,4 faiz olacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2026-cı ildə də ümumi ÜDM-in artımına neft-qaz ÜDM-i azaldıcı, qeyri-neft-qaz ÜDM-i isə artırıcı təsir edəcək. Qeyri-neft-qaz sektoruna ev
təsərrüfatlarının istehlakının artırıcı təsiri nisbətən azalsa da, əsas fondların yığımının artırıcı təsiri gözlənilir.
Neft-qaz sektorunda ÜDM üzrə 2025-ci ilə -0,2 faiz, 2026-cı ilə -2,4 faiz real azalma proqnozlaşdırılır. Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. 2025 və 2026-cı illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq.