Paytaxt Bakının mədəni həyatında xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzi (BMM) həm yerləşdiyi ərazi, həm də özünəməxsus memarlıq üslubu ilə şəhərimizin simvoluna çevrilib. Bu mədəniyyət ocağına gələn yerli və xarici turistlər burada həm milli musiqimizin incəlikləri ilə tanış olur, həm də Azərbaycanın zəngin folklor irsinin canlı nümunələrinə şahidlik edirlər. Mərkəzin foyesində daimi fəaliyyət göstərən milli musiqi alətləri sərgisi də turistlərin diqqətindən yayınmır. Burada tar, kamança, balaban, qaval kimi qədim alətlər nümayiş olunur. BMM rəhbərinin sözlərinə görə, gələcəkdə bu sərginin muzey ekspozisiyası kimi fəaliyyətə başlaması planlaşdırılır. Bu isə, şübhəsiz, həm turist axınının artmasına, həm də xarici qonaqların Azərbaycan musiqi mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaradacaq. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu il ərzində muğam və etnokonsertlərə maraq göstərən turistlərin sayında artım müşahidə olunur.
Bildirilib ki, IX “Muğam” Televiziya Müsabiqəsi zamanı mərkəzdə keçirilən konsertlərdə çoxsaylı turistlərin iştirakı müşahidə olunub. Ay ərzində burada həm musiqi mütəxəssisləri, həm də sıravi ziyarətçilər üçün müxtəlif tədbirlər keçirilir. Turistlərin marağını artırmaq məqsədilə mərkəzin qarşısında reklam banerləri quraşdırılıb. Axşam saatlarında təşkil olunan konsertlərə hazırlıq zamanı gündüz ərazidən keçən turistlər mərkəzin memarlığına və atmosferinə xüsusi maraq göstərirlər.
Bu marağın daha bir bariz nümunəsi Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində özünü göstərib. Yarış üçün Bakıya gələn çoxsaylı azarkeşlər və qonaqlar da BMM-də təşkil olunan musiqi tədbirlərinin tamaşaçıları sırasında olublar.
Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə ölkəmizə səfər edən müxtəlif xarici televiziya kanalları da zaman-zaman BMM haqqında geniş reportajlar hazırlayır. Bu da Azərbaycan muğamının beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verir.
Beynəlxalq Muğam Mərkəzinin əsas məqsədi təkcə konsertlər keçirmək deyil, həm də Azərbaycanın milli musiqisini dünyaya tanıtmaqdır. Bu baxımdan, BMM paytaxtımıza gələn hər bir turist üçün milli ruhu hiss etmək və musiqimizin sehrini yaşamaq üçün əvəzolunmaz məkandır.