İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib. Tədbirdə nazirliyin “Yüksəliş” müsabiqəsinin qalib və finalçıları olmuş əməkdaşları iştirak ediblər. Nazirlikdən SİA-ya bildirilib ki, tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən tədbirlərin vətəndaşlarımızın milli dövlətçilik prinsipləri, hüquq və azadlıqlar haqqında məlumatlılığının artırılmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın qəbul edilməsi bugünkü dövlətçiliyimizin əsasında duran ən mühüm amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət ölkənin suverenliyinin və müstəqilliyinin, sosial-iqtisadi inkişafın gücləndirilməsini təmin edib. Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə əldə edilən böyük Zəfər dövlətimizin ərazi suverenliyini tam bərpa etməklə yanaşı, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb.

Vurğulanıb ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqabətqabiliyyətli insan resurslarının inkişafı əsas prioritetlərdəndir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi əhəmiyyətli rol oynayır.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Konstitusiya və suverenlik, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr barədə təqdimatlar keçirilib.

Qeyd edilən mövzular üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.