Ölüm səbəbi açıqlandı

13 Noyabr 2025 08:40 (UTC+04:00)

Əfsanəvi “Kiss” rok qrupunun 74 yaşlı qurucu üzvü və gitara ifaçısı Eys Freylinin ölüm səbəbi açıqlanıb. SİA xəbər verir ki, bu barədə “Morris County” Tibbi Ekspertiza İdarəsinin yaydığı hesabatda qeyd olunub. Bildirilib ki, musiqiçi təsadüfi yıxılma nəticəsində aldığı kəllə-beyin travması səbəbindən dünyasını dəyişib. Hesabatda həmçinin sənətçinin üz sümüklərində sınıqlar və qançır izlərinin aşkarlandığı qeyd olunub.

Xatırladaq ki, Eys Freyli bu ilin oktyabrın 17-də vəfat edib. Qeyd edək ki, “Kiss” qrupu 1973-cü ildə Pol Stenli, Jin Simmons, Eys Freyli və Piter Kriss tərəfindən Nyu-Yorkda yaradılıb. Səhnə makyajı və qeyri-adi geyimləri ilə fərqlənən qrup 90 milyondan çox albom satışı ilə 24 dəfə qızıl rekord əldə edib. Freyli 1982-ci ildə qrupdan ayrılsa da, 1996-cı ildə yenidən qayıdaraq 2002-ci ilə qədər qrupla çıxış edib.