"Barselona”nın əfsanəvi yarımmüdafiəçisi və sabiq baş məşqçisi Xavi Ernandes Kataloniya klubunu çalışdırarkən buraxdığı ən böyük səhvi açıqlayıb. SİA xəbər verir ki, mütəxəssis bu barədə “FC Barcelona News”a müsahibəsində danışıb. “Komandada işə başlayanda futbolçular üçün çox yüksək standartlar qoydum, çünki klub aşağı gözləntilər dövründən çıxırdı. Mənim səhvim bu yüksək tələbləri cəmi bir il saxlamaq oldu. Titul qazanıldıqdan sonra futbolçuların motivasiyası və oyun intizamı zəiflədi ki, bu da nəticələrə birbaşa təsir etdi. Nəticədə, “Barselona” son mövsümünü kuboksuz başa vurduqdan sonra komandadan ayrıldım”, – deyə o bildirib.
Xatırladaq ki, Xavi 2021-2024-cü illər ərzində “Barselona”nı çalışdırıb və bu müddətdə La Liqa çempionluğu ilə İspaniya Superkubokunu qazanıb.