Avropa İttifaqı Şurası və Avropa Parlamenti kənd təsərrüfatı və qida sektorunda sərhədlərarası ədalətsiz ticarət təcrübələrinə qarşı mübarizə üzrə yeni razılığa gəlib. SİA xəbər verir ki, yeni qaydalar üzv dövlətlərin bu sahədə birgə fəaliyyətini gücləndirməyi və fermerlərin təchizat zəncirində mövqeyini yaxşılaşdırmağı nəzərdə tutur.
Tənzimləmə ölkələr arasında məlumat mübadiləsini və araşdırmalarda əməkdaşlığı asanlaşdıracaq. Bununla yanaşı, tədarükçülərin məlumatlarının qorunması və onlara qarşı mümkün təzyiqlərin qarşısının alınması üçün yeni mexanizmlər tətbiq ediləcək.
Yeni sənəd, həmçinin bir neçə ölkəni əhatə edən genişmiqyaslı ədalətsiz ticarət hallarında birgə tədbirlərin görülməsini nəzərdə tutur. Avropa İttifaqı xaricindən olan alıcıların fəaliyyətinə qarşı da üzv dövlətlər arasında əməkdaşlıq qaydaları müəyyən ediləcək.
Razılaşma Şura və Parlament tərəfindən təsdiqləndikdən sonra rəsmi şəkildə qüvvəyə minəcək. Yeni qaydalar 2019-cu ildə qəbul olunmuş direktivin davamı kimi fermerlərin maraqlarını qorumağa və kənd təsərrüfatı sektorunda ədalətli ticarət mühitini təmin etməyə yönəlib.