“Noyabrın 12-si Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olan bir gündür, çünki həmin gün müstəqil Azərbaycanın hüquqi bünövrəsi – Konstitusiyası qəbul olunub. Bu sənəd sadəcə qanunlar toplusu deyil, dövlətin ideoloji dayağı, suverenliyin və milli kimliyin ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirdi: “O dövrdə hələ müharibədən çıxmış, iqtisadi və siyasi baxımdan çətin vəziyyətdə olan ölkənin gələcəyini hüquqi müstəviyə daşımaq böyük siyasi uzaqgörənlik tələb edirdi. Konstitusiya xalqın iradəsini dövlət idarəçiliyinin mərkəzinə gətirdi, insan hüquq və azadlıqlarının təminatını hüquqi reallığa çevirdi.
Bu sənədin hər maddəsində milli dövlətçilik ideyası, azərbaycançılıq fəlsəfəsi və demokratik prinsiplərin vəhdəti hiss olunur. 30 ildən çoxdur ki, bu hüquqi baza dövlətin bütün sahələrdə inkişafına istiqamət verir. Prezident İlham Əliyevin dövründə Konstitusiyaya edilən dəyişikliklər isə zamanın çağırışlarına cavab verən müasir dövlət idarəçiliyinin formalaşmasına xidmət edib. Bu dəyişikliklər icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında səlahiyyət balansını daha da gücləndirib.
Bu gün Konstitusiya Azərbaycan cəmiyyətinin siyasi sabitliyinin və sosial ədalətinin təminatçısı kimi çıxış edir. Hər bir vətəndaş üçün hüquq bərabərliyi, mülki azadlıqlar və insan ləyaqətinin qorunması məhz bu sənəddən qaynaqlanır. Konstitusiya həm də dövlətin beynəlxalq hüquq sisteminə inteqrasiyasını təmin edən əsas hüquqi çərçivədir. Ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin möhkəmlənməsi də Konstitusiyanın ruhuna uyğun şəkildə həyata keçirilib. Bu səbəbdən 12 noyabr təkcə hüquqi deyil, mənəvi bayramdır – azadlığımızın, dövlətçiliyimizin və milli iradəmizin rəmzidir”.