Oğlan, yoxsa qız... - Uşağın cinsiyyətini planlamaq olarmı? - SORĞU

12 Noyabr 2025 16:37 (UTC+04:00)

Bəzi ailələrdə sözün həqiqi mənasında ilk övladın oğlan olmasını arzulayırlar. Bunun kökü adətən ənənəvi və patriarxal düşüncəyə gedib çıxır. Yəni keçmişdə oğlan uşaqları ailənin soyadını, adını “davam etdirən”, ailəni “qoruyan” kimi görülüb. Ona görə də bəzi insanlar hələ də bu düşüncə tərzini daşıyırlar. Elmi baxımdan uşağın cinsiyyəti ata tərəfindən gələn xromosomlara bağlıdır, yəni bu, mənəvi və sosial baxımdan isə uşağın cinsi yox, onun sağlamlığı, xoşbəxtliyi və ailəyə gətirdiyi sevinc önəmlidir. Qız və oğlan uşaqlarının hər biri eyni dəyərə malikdir. Bəs vətəndaşlarımız bu barədə nələri düşünür? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Zemfira Qarabağlı: “Müasir dövrdə bəzi ailələrdə ilk övladın mütləq şəkildə oğlan olmasını arzulamaq kimi köhnəlmiş düşüncə tərzi hələ də mövcuddur. Bu yanlış yanaşma çox zaman qadınların özləri tərəfindən də dəstəklənir. Onlar hesab edirlər ki, gələcəkdə oğlan övladları onlara dayaq olacaq, onları qoruyacaq. Halbuki, bu inanc cəmiyyət üçün ciddi sosial və demoqrafik nəticələr doğurur. Statistik müşahidələr göstərir ki, artıq bəzi məktəblərdə siniflərdə oğlan uşaqlarının sayı qızların sayını xeyli üstələyir. Bu natarazlıq gələcəkdə ailə qurmaq, sosial balansı qorumaq və əhalinin inkişafını təmin etmək baxımından böyük problemlərə yol aça bilər.

Uşağın cinsiyyətinə yönəlmiş bu seçici münasibət, əslində, təbiətin qanunlarına müdaxilədir. Valideynin əsas vəzifəsi övladının cinsini müəyyən etmək deyil, onu sağlam, savadlı, mədəni və cəmiyyətə faydalı bir fərd kimi yetişdirməkdir. Bu məsələ təkcə ailə səviyyəsində deyil, milli miqyasda da düşünülməlidir. Çünki cinsiyyətə əsaslanan yanaşmalar uzunmüddətli perspektivdə milli demoqrafik tarazlığı pozur və bu, mən bunu milli faciə kimi qiymətləndirirəm”.

Şəhər sakini Əskərov Fərhad: “İndiki dövrdə ailələrin uşaqlara münasibətində ciddi dəyişikliklər müşahidə olunur. Müasir valideynlərin bir qismi uşaq saxlamağı çətin və məsuliyyətli bir iş kimi qəbul edir, bu isə müəyyən mənada valideynlik məsuliyyətindən yayınma və tənbəllik meyli kimi dəyərləndirilə bilər. Əlbəttə, sosial-iqtisadi amillərin – yaşayış şəraitinin, maddi imkanların və həyat tərzinin bu məsələdə təsiri danılmazdır. Lakin problemlərin əsas səbəbi təkcə sosial çətinliklərdə deyil, həm də dəyişən düşüncə tərzində axtarılmalıdır.

Əvvəllər, yəni 20–30 il bundan əvvəl, ailələr çoxuşaqlı olurdu. Hər ailədə təxminən 5–6 uşaq böyüyürdü və bu, cəmiyyətin təbii demoqrafik tarazlığını təmin edirdi. O zaman oğlan və qız uşaqlarının sayı arasında kəskin fərq yaranmırdı. Müasir dövrdə isə ailələr əsasən 1–2 uşaqla kifayətlənir. Bu tendensiya həm həyat tərzinin dəyişməsi, həm də iqtisadi və sosial amillərlə əlaqədardır.

Valideynləri övladlarının sağlamlığı və gələcəyi daha çox düşündürür, lakin övladın cinsiyyətinə yönəlmiş arzular hələ də bəzi ailələrdə qalmaqdadır. Halbuki, uşağın oğlan və ya qız olması təbiətin və Yaradanın qanunudur. Bu baxışın kökləri mentalitetdə, yəni keçmişdən miras qalmış düşüncə tərzindədir. Müasir dövrdə əsas məqsəd uşağın cinsinə deyil, onun sağlam və kamil şəxsiyyət kimi yetişməsinə yönəlməlidir”.

Şəhər sakini Şəfiqə Qurbanova: “Bəzi valideynlər hələ də övladlarının cinsinə qarşı seçici münasibət göstərir, ilk uşağın oğlan olmasını arzulayırlar. Bu, keçmişdən qalan mental dəyərlərin təsiridir. Halbuki uşağın cinsi insanın seçimi ilə deyil, təbiətin qanunları ilə müəyyən olunur. Uşağın oğlan və ya qız olması ailənin dəyərini dəyişməməlidir. Bugünkü dövrdə əsas məqsəd uşağın sayını və ya cinsini müəyyənləşdirmək deyil, onun şəxsiyyət kimi formalaşmasına və mənəvi dəyərlərlə böyüməsinə diqqət yetirməkdir. Hər bir valideyn anlamalıdır ki, uşağa verilən sevgi, qayğı və düzgün tərbiyə millətin gələcəyinə qoyulan ən böyük sərmayədir”

Şəhər sakini Elxan Qarayev: “Bugünkü dövrdə müxtəlif xəstəliklərin, doğuşdan gələn qüsurların artdığı bir zamanda uşağın cinsinə görə seçici münasibət göstərmək, əslində, naşükürlüyün bir formasıdır. İnsan övladının mövcudluğuna, onun həyatına və sağlamlığına görə minnətdar olmalıdır. İslam dinində də qız uşaqlarına yüksək qiymət verilir. Peyğəmbərimizin (s.ə.s) bir hədisində qeyd olunur ki, “kim üç qız uşağını böyüdər, onlara gözəl tərbiyə verər və ehtiyaclarını qarşılayarsa, Cənnətlə mükafatlandırılacaq”. Bu, qız övladına dəyər verməyin dini və mənəvi baxımdan nə qədər vacib olduğunu göstərir.

Əslində, həm qız, həm də oğlan övladı ailəyə sevinc, şəfqət və gələcək ümidi gətirir. Qız övladları valideynlərinə qayğıkeşlik və mərhəmət nümunəsi göstərdikləri kimi, oğlan övladları da ailənin dayağı və qoruyucusu olurlar. Deməli, övladın dəyəri onun cinsində deyil, insanlıq keyfiyyətlərindədir”.

Şəhər sakini Nəzakət Əliyeva: “Müşahidələr göstərir ki, bəzi valideynlər hələ də uşağın cinsinə görə qərar verir və xüsusilə oğlan övladı arzusunda olurlar. Bu vəziyyətin formalaşmasında tibbi müəssisələrin və bəzi tibb işçilərinin də məsuliyyəti az deyil. Uşağın cinsiyyətinin hamiləliyin 13–14-cü həftəsində müəyyənləşdirilməsi və bu məlumatın açıq şəkildə valideynlərə bildirilməsi, bəzən mənfi nəticələrə gətirib çıxarır. Valideynlər uşağın sağlamlığına və ya qüsurlu olub-olmamasına deyil, onun cinsiyyətinə əsaslanaraq abort qərarı verirlər.

Keçmişdə bu problem demək olar ki, mövcud deyildi, çünki o zaman texnologiya bu qədər inkişaf etməmişdi və uşağın cinsi yalnız doğuş anında məlum olurdu. Hazırda isə texnologiyanın bu qədər əlçatan olması oğlan və qız uşaqları arasında say fərqinin yaranmasına səbəb olur. Bu, təkcə ailə səviyyəsində deyil, həm də milli miqyasda ciddi demoqrafik narazılıqlar doğurur. Belə halların qarşısını almaq üçün tibb işçiləri və səhiyyə sistemi bu məsələyə daha məsuliyyətlə yanaşmalıdır. Hər bir uşağın yaşamaq haqqı var və onun dəyəri yalnız sağlamlığı və həyat potensialı ilə ölçülməlidir, cinsiyyəti ilə deyil. Cəmiyyətin sağlam gələcəyi məhz bu məsuliyyətli yanaşmadan asılıdır”.

Şəhər sakini Yasəmən Haqverdiyeva: “Maarifləndirmənin zəifliyi insanlarda bu məsələyə qeyri-obyektiv və hissi yanaşmanı gücləndirir. Halbuki düzgün informasiya və təhsil vasitəsilə ailələrə övladın cinsindən asılı olmayaraq onun sağlam, mənəvi və faydalı fərd kimi yetişdirilməsinin vacibliyi aşılanmalıdır.

Cəmiyyətin sağlam və sabit inkişafı üçün əsas şərt insanların təbiətin qanunlarını qəbul etməsi və onlara hörmətlə yanaşmasıdır. Hər bir övlad, istər qız, istər oğlan , Allahın insana bəxş etdiyi dəyərli nemətdir və onun dəyəri yalnız insanlıq keyfiyyətləri ilə ölçülməlidir. İnsanların təbiətdə gedən təbii proseslərə müdaxiləsi, hər zaman natarazlıqlara səbəb olur”.

Şəhər sakini Rafiq Qubadov: “Uşağın cinsiyyətinə görə ona fərq qoyulması həm mənəvi, həm də sosial baxımdan qəbuledilməzdir. Avropa ölkələrində belə hallara demək olar ki, rast gəlinmir və uşaqların cinsinə görə ayrı-seçkilik tətbiq edilmir. Təəssüf ki, bu cür yanaşmalar bəzi ərəb və müsəlman ölkələrində hələ də mövcuddur.
Uşağın cinsinə görə ayrı-seçkiliyə son qoymaq, həm dini, həm də sosial baxımdan vacibdir. Valideynlər övladlarının şəxsiyyətini, mənəvi və sosial keyfiyyətlərini ön planda tutmalı, cəmiyyət isə bu düşüncə tərzini dəstəkləyərək gələcək nəsillər üçün sağlam sosial mühit yaratmalıdır”.

Müəllif: Günay Hacıyeva