Avtomobil yollarının keyfiyyətli tikintisi məqsədilə keçirilən ixtisasartırma kursları başa çatıb

12 Noyabr 2025 16:46 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən avtomobil yollarının yüksək keyfiyyətlə tikintisi və uzunömürlü istismarı məqsədilə təşkil edilən ixtisasartırma kursları uğurla yekunlaşıb. Agentlikdən SİA-ya bildirilib ki, ixtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.

Kurslarda layihəçilər, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb.

Tədris 40 saatlıq proqram əsasında “Yol inşaat materiallarının laboratoriya sınaqları”, “Avtomobil yollarının tikintisi” (mexanizator, avtoqreyder və s.), “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, “Layihə-axtarış işləri” kimi mövzuları əhatə edib.

Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.