Azərbaycan xalqı hər il 12 noyabr tarixini böyük qürur və iftixar hissi ilə Konstitusiya Günü kimi qeyd edir. Bu tarix, müstəqil dövlətçiliyimizin əsaslarını möhkəmləndirən, xalqın suveren iradəsini və azadlığını təsdiqləyən ən mühüm günlərdən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bu sənəd Azərbaycanın dövlət müstəqilliyinin hüquqi təməlini yaratdı və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmağa başladı. Konstitusiya hazırlanarkən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dərin elmi-hüquqi təhlillər aparılmış, beynəlxalq təcrübə öyrənilmiş, xalqın milli-mənəvi dəyərləri nəzərə alınmışdır. Ulu Öndər Heydər Əliyev bu sənədin hazırlanmasında xüsusi diqqət və məsuliyyət göstərərək, onu müstəqil Azərbaycanın sabitlik, inkişaf və gələcək rifahının əsas təminatı kimi qiymətləndirmişdi. Azərbaycan Respublikasının Konstitusiyası beş bölmə, on iki fəsil və 158 maddədən ibarətdir. Bu sənəd dövlət quruluşunun əsas prinsiplərini, hakimiyyət bölgüsünü, vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının fəaliyyət qaydalarını aydın şəkildə müəyyənləşdirir. Konstitusiyamızda Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi təsbit edilmişdir. Burada hakimiyyətin xalqdan qaynaqlandığı, insan hüquq və azadlıqlarının ali dəyər olduğu, qanun qarşısında hamının bərabərliyi prinsipi əsas götürülmüşdür. Konstitusiyanın qəbul olunması ilə ölkədə hüquqi islahatlara, idarəetmə sisteminin modernləşməsinə və vətəndaş cəmiyyətinin formalaşmasına geniş imkanlar yarandı. Məhz bu sənəd sayəsində Azərbaycan müasir hüquq sistemini qurdu, beynəlxalq hüquq prinsiplərini öz qanunvericiliyinə inteqrasiya etdi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi-hüquqi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyanın tələblərinə uyğun olaraq, ölkədə qanunçuluğun möhkəmləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və insan hüquqlarının müdafiəsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. 12 noyabr təkcə hüquqi sənədin qəbul olunduğu gün deyil, həm də Azərbaycan xalqının öz dövlətçiliyinə, azadlığına və gələcəyinə sahib çıxmaq iradəsinin təntənəsidir. Bu gün xalqımızın müstəqil və güclü dövlət qurmaq əzmini simvolizə edir.
Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan əsas prinsiplərdən biri dövlətin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinin qorunmasıdır. Bu prinsiplər 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı öz real təsdiqini tapdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, Konstitusiyada təsbit olunmuş milli suverenlik prinsiplərini praktik olaraq həyata keçirdi. 2023-cü ilin antiterror tədbirləri isə bu tarixi prosesin məntiqi davamı kimi Azərbaycanın suveren hüquqlarını tam bərpa etdi. Bu əməliyyatlar nəticəsində ölkənin konstitusion quruluşu bütün ərazidə bərpa olundu, dövlət hakimiyyəti tam şəkildə təmin edildi. Bu, həm də Azərbaycan xalqının Konstitusiyaya sədaqətinin, milli həmrəyliyinin və müstəqillik əzminin təntənəsi idi.
Konstitusiya Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Təhsil müəssisələrində, dövlət orqanlarında və ictimai təşkilatlarda maarifləndirici tədbirlər, konfranslar, müzakirələr təşkil edilir. Bu tədbirlər gənc nəslin hüquqi biliklərinin artırılmasına, dövlətçilik ənənələrinin qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik, ədalət və demokratiya arzularının ifadəsidir. Bu sənəd yalnız dövlətin hüquqi bünövrəsi deyil, həm də milli birliyimizin, vətəndaş həmrəyliyimizin simvoludur.
12 noyabr – Konstitusiya Günü xalqımız üçün həm qürur, həm də məsuliyyət günüdür. Bu gün biz dövlətimizin əsasını təşkil edən qanunlara hörmətlə yanaşır, müstəqilliyimizin qorunması və inkişafı naminə birliyimizi daha da möhkəmləndiririk.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri