"44 günlük müharibə dostluğun gücünü göstərdi" - ŞƏRH EDİLDİ

12 Noyabr 2025 16:26 (UTC+04:00)

"XXI əsrdə dünyanın yenidən bölünməsi, formatlanması prosesi gedir. Hal-hazırda dünyanın 50-dən artıq nöqtəsində müharibələr və qarşıdurmalar yaşanır. Belə bir dövrdə Azərbaycan–Türkiyə münasibətləri, ümumilikdə isə İslam dünyasının, xüsusilə də türk dövlətlərinin birləşməsi çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Azərbaycan–Türkiyə–Pakistan dostluğu xüsusilə 44 günlük Vətən müharibəsində özünü açıq şəkildə göstərdi: "Bu üç ölkə arasında olan qardaşlıq münasibəti, xüsusən də Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın böyük güc qazandığını nümayiş etdirdi. Müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” bəyanatı Ermənistana və onu dəstəkləyən qüvvələrə açıq mesaj oldu. Bu mənəvi və siyasi dəstək Azərbaycanın qələbəsinə mühüm töhfə verdi.

Azərbaycan ilk dəfə olaraq döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarından - PUA-lardan geniş şəkildə istifadə edərək müasir döyüş texnologiyası sahəsində uğur qazandı. Bu PUA-ların bir qismi Türkiyədən alınmışdı və onların müharibədəki rolu danılmazdır. 2021-ci il iyunun 15-də isə Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan “Müttəfiqlik Bəyannaməsi” bu qardaşlığın hüquqi zəminini daha da gücləndirdi. Artıq hər hansı bir təhdid və ya təhlükə zamanı Türkiyə Azərbaycanın yanında olacaq. Bu sənəd çox mühüm strateji sənəddir. Eyni zamanda qeyd etmək lazımdır ki, Türkiyə ilə münasibətlər yalnız dövlətlər səviyyəsində deyil, xalqlar arasında da qardaşlıq və səmimi münasibətlər üzərində qurulub. Prezident İlham Əliyevlə Prezident Ərdoğan arasında olan şəxsi dostluq və qarşılıqlı hörmət bu münasibətləri daha da möhkəmləndirib. Zəfər paradında 72 yaşlı Ərdoğanın Azərbaycana gələrək iştirak etməsi, çıxış etməsi və eyni gün geri qayıtması bu münasibətə verdiyi dəyəri göstərdi.

Pakistanla da oxşar münasibətlərimiz mövcuddur. Pakistan Azərbaycanı 44 günlük müharibə dövründə dəstəkləyən ilk ölkələrdən biri oldu. Nüvə silahına sahib olan bu müsəlman ölkəsinin verdiyi dəstək geosiyasi baxımdan da çox mühüm idi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Pakistanla strateji münasibətlər daha da dərinləşib. Şuşada keçirilən tədbirdə Ərdoğan, Əliyev və Pakistanın baş naziri Nəvaz Şərifin birlikdə çıxışları bu dostluğun bariz nümunəsi idi. Əlbəttə, bu dostluğu pozmaq istəyən qüvvələr də var. Həm Azərbaycanın, həm Türkiyənin, həm də Pakistanın əleyhinə olan, bu birliyə paxıllıqla yanaşan dövlətlər və mərkəzlər mövcuddur. Amma inanıram ki, bu dostluq o qədər möhkəmdir ki, heç bir qüvvə bu telləri qıra bilməz. Dünənki Zəfər paradında Türkiyə və Pakistan hərbçilərinin iştirakı da düşmənlərə və bu dostluğu qəbul etməyən qüvvələrə bir mesaj idi: Azərbaycanın yanında güclü Türkiyə və nüvə silahına sahib Pakistan var".