Dəyişikliklər dövlətlərin üzərinə yeni məsuliyyətlər qoyur

12 Noyabr 2025 16:20 (UTC+04:00)

Azərbaycan konstitusiya ənənələrini qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına hörmət edən və onlarla uzlaşan hüquqi sistem formalaşdırıb. Ölkəmiz həm milli, həm də beynəlxalq hüquq sistemlərinin dayanıqlılığını təmin etməklə, hüquqi dövlət və demokratik cəmiyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. SİA xəbər verir ki, bunu “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi” adlı paneldə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev deyib.

O qeyd edib ki, müasir dövrdə hüquq sisteminin tənzimlənməsi, rəqəmsal texnologiyaların sürətli inkişafı və yeni qlobal çağırışlar Konstitusiyaya yeni missiyalar yükləyir. Artıq təkcə klassik deyil, yeni nəsil insan hüquqlarının, rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, ətraf mühitin mühafizəsi və sosial ədalət kimi məsələlərin təmin edilməsi Konstitusiyanın mühüm istiqamətlərindən birinə çevrilib. “Konstitusiya yalnız bugünün deyil, həm də gələcəyin təminatçısıdır. O, dövlət və cəmiyyət arasında balansı qoruyan, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin isə məsuliyyət və öhdəliklərini müəyyən edən ali hüquqi sənəddir. Bu gün dünya qlobal hüquqi transformasiyalar dövrünü yaşayır. Belə bir şəraitdə konstitusionalizm və dövlət suverenliyi məsələlərinin əhəmiyyəti daha da artır. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, təhlükəsizlik arxitekturasının yeni formalaşması və regional risklərin artması dövlətlərin üzərinə yeni məsuliyyətlər qoyur”,- deyə Fərid Hacıyev vurğulayıb.

Milli Məclis Aparatının rəhbəri mövcud qlobal vəziyyətdə beynəlxalq təhlükəsizlik sisteminin artıq əvvəlki kimi olmadığını deyib: “Bu reallıq hər bir dövlətdən daha çevik, müstəqil və məsuliyyətli hüquqi yanaşma tələb edir. Azərbaycan isə bu mürəkkəb reallıqda ardıcıl, düşünülmüş və dinamik inkişaf yolu keçir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya ölkəmizin demokratik inkişafının əsasını qoyub. Həmin sənəddə dövlət müstəqilliyi, insan hüquqları, demokratiya və qanunun aliliyi kimi ali dəyərlər əsas prinsiplər kimi təsbit olunub. Sonrakı illərdə aparılan konstitusiya dəyişiklikləri isə bu ali sənədi zamanın çağırışlarına uyğunlaşdırıb, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və idarəetmənin təkmilləşdirilməsinə zəmin yaradıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq və idarəetmə islahatları Konstitusiyanın ruhuna uyğun şəkildə dövlət idarəçiliyinin müasirləşdirilməsini, şəffaflığın artırılmasını və vətəndaş məmnunluğunun təminini hədəfləyir.Beləliklə, Azərbaycan Konstitusiyası təkcə bir hüquqi sənəd deyil, həm də xalqın iradəsini, dövlətin suverenliyini və gələcəyə inamını ifadə edən əsas dəyərdir”.