"Azərbaycandakı mövcud vergi siyasətinin həm üstünlükləri, həm də çətinlikləri var. Məsələn, uzun müddət qeyri-neft sektorunda, xüsusilə özəl sektorda gəlir vergisi ləğv olunmuşdu. Bu vəziyyət təxminən 7 il davam etdi – həmin dövrdə gəlir vergisi yox idi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, təbii ki, bu, sahibkarlar və işəgötürənlər üçün çox əlverişli bir şərait yaratmışdı. Onlar işçilərə daha yüksək əməkhaqqı təklif edə bilir, daha yaxşı kadrları cəlb edə bilirdilər. Çünki ortada vergi yükü yox idi: "İndi isə bu güzəşt tədricən aradan qaldırılır – yəni gəlir vergisinin mərhələli şəkildə geri qaytarılması prosesi gedir. Hesabatlılıq və şəffaflıq baxımından, yəni institusional yanaşma üçün də faydalıdır? Bəli, demokratiyalarda vergi həm də vətəndaş məsuliyyətinin əsasını təşkil edir. Amma digər tərəfdən, sahibkarlıq mühitinə və biznesin təşviqinə baxanda, verginin olmaması və ya azaldılması o dövrdə çox əlverişli şərait yaratmışdı.
Məsələn, çox gözəl bir məsələdir. Orada dövriyyə həddi var – bu, 12 ay ərzində 200.000 manatla məhdudlaşır. Problem ondadır ki, bu 200.000 manat limiti 2006-cı ildən bəri qüvvədədir və o dövrdə bu, kifayət qədər böyük bir hədd sayılırdı. İki əsas səbəb var: birincisi, o vaxtdan bəri manat bir neçə dəfə inflyasiyaya uğrayıb, dəyərdən düşüb. İkincisi, həmin dövrdən bu günə qədər iqtisadiyyat real qiymətlərlə bir neçə dəfə böyüyüb. 2006-cı il hələ neft gəlirlərinin yeni formalaşdığı bir dövr idi. Ona görə də həmin həddin bu günə qədər dəyişmədən qalması düzgün deyil. Bu limit artırılmalıdır ki, sahibkarlar üçün rahatlıq yaransın. Hazırda bu hədd eyni qalmaqla sahibkarları sıxır, çətinlik yaradır. Daha düzgün olardı ki, Vergi Məcəlləsində belə məbləğlər konkret rəqəmlərlə – məsələn, 200.000 manat kimi – yox, nisbi göstəricilərlə müəyyən edilsin. Məsələn, bu, minimum əməkhaqqının 500 misli və ya yaşayış minimumunun müəyyən qatı kimi ifadə oluna bilərdi. Beləliklə, inflyasiya və iqtisadi artım baş verdikcə həmin hədd də avtomatik olaraq dəyişərdi.
Bu halda limit real iqtisadi göstəricilərə uyğunlaşardı. Əgər bu metod tətbiq olunsaydı, bəlkə də indiki 200.000 manatlıq hədd yerinə 600.000 manat və ya başqa bir uyğun rəqəm olardı və sahibkarlar da daha az çətinliklə üzləşərdi. Bundan əlavə, vergi siyasəti çox sürətlə və tez-tez dəyişir. Bu da təbii olaraq sahibkarlarda müəyyən qeyri-müəyyənliklər yaradır. Yaxşı olardı ki, vergi sistemi mümkün qədər sabit, uzunmüddətli və şəffaf olsun. Çünki sahibkarlar bu sistemə uyğunlaşmağa çalışırlar, onu öyrənirlər, amma qısa müddət sonra yenidən dəyişiklik baş verir. Bu da onların əməliyyatlarında və iş fəaliyyətlərində çətinliklər yaradır. Yaxşı olar ki, belə halların qarşısı alınsın. Bundan əlavə, kölgə iqtisadiyyatının daralması üçün iqtisadiyyatın ölçüsünü artırmaq vacibdir. Bizneslərin kölgədən çıxarılması da iqtisadi siyasətin vəzifəsidir. Hal-hazırda kölgə iqtisadiyyatı yenə də kifayət qədər böyükdür və problem yaradır. Hesab edirəm ki, bu vergi siyasəti və onun icrası kölgə iqtisadiyyatının kiçilməsini hədəfləməli və buna nail olmalıdır. Bu sahədə effektiv bir siyasət yeridilməlidir".