"Millimizin qarşıda iki oyunu olacaq - “İslandiya” və “Fransa” yığma komandaları ilə. Bu, seçmə mərhələdə son iki oyundur. İlk dövrədə “İslandiya”ya qarşı böyük hesabla məğlub olmuşuq. İndi isə vəziyyət bir qədər fərqlidir. “İslandiya” da son iki oyununu bizimlə və “Ukrayna” ilə keçirəcək". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Füzuli Məmmədov deyib.
Onun sözlərinə görə, bu oyunlar onlar üçün də çox vacibdir. Əgər qələbə qazansalar, Dünya Çempionatına vəsiqə qazanmaq şansları olacaq. Ona görə “İslandiya” ilə matç dinamik, sürətli və əzmkar bir oyun olacaq - çünki onlar da qalib gəlmək istəyəcəklər: "Amma millimizin son iki oyunda göstərdiyi əzm və istək bizə ümid verir ki, bu dəfə “İslandiya” qarşısında məğlub olmayacağıq. Mən inanıram ki, hətta rəqibi cəzalandıra da bilərik. Əsas məsələ müdafiədə diqqətli olmaqdır. Onların heyətində keyfiyyətli futbolçular var və kiçik bir səhvdən dərhal istifadə edə bilərlər. Komanda səhvsiz, kompakt oynamalıdır, xüsusilə də standart vəziyyətlərə qarşı diqqətli olmalıyıq - çünki onlar hündürboylu, başla yaxşı oynayan futbolçulara malikdirlər. Əgər oyuna inamla və ağılla yanaşsaq, matçın sonlarına yaxın hətta üç xal da götürə bilərik. “Fransa” ilə oyuna gəldikdə isə onu deyə bilərəm ki, “Fransa” çox güclü komandadır, Avropanın ilk 2–3-lüyündə olan bir yığmadır. Amma bu oyunun fərqi ondadır ki, evdə, doğma meydanda, azarkeşlərimizin qarşısında oynayacağıq. Bu, futbolçulara əlavə motivasiya verir. Üstəlik, artıq bir dəfə bu komandaya qarşı oynamışıq və onları daha yaxşı tanıyırıq. Mən inanıram ki, “Fransa” qarşısında da millimiz layiqli mübarizə aparacaq və məğlub olmayacaq. Bəlkə də bir xal götürmək mümkün olar.
Milli fasilə bitdikdən sonra isə “Qarabağ” Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək. Növbəti turda “Qarabağ” “Napoli”nin qonağı olacaq. “Napoli” səfəri “Qarabağ” üçün çətin olacaq. Amma “Qarabağ” artıq bu tip oyunlara alışıb, Avropa arenasında böyük təcrübəyə sahib komandadır. Belə səfər oyunlarında istəkli və ağıllı oynayırlar. Təbii ki, “Napoli” çox güclü rəqibdir, heyəti və baş məşqçisi yüksək səviyyədədir. “Qarabağ” məğlub da ola bilər – bu, real ehtimaldır. Amma mən inanıram ki, bir xal qazana bilərlər. Uğurlar “Qarabağ”a!