Hər il 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Bu gün, vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlətin əsas qanunu olan Konstitusiyanın əhəmiyyəti və cəmiyyət həyatında rolu bir daha xatırlanır. Konstitusiya hər bir vətəndaş üçün yalnız qanunların toplusu deyil, həm də onların gündəlik həyatına təsir edən, hüquqlarını qoruyan və sosial ədalətin təmin olunmasına xidmət edən əsas sənəddir. Konstitusiya bəziləri üçün hüquq və azadlıqların qorunmasının rəmzi, bəziləri üçün isə cəmiyyətin sabitliyini təmin edən əsas dayağıdır. Eyni zamanda, gənclər üçün Konstitusiya demokratik vətəndaşlıq mövqeyini formalaşdıran bir bələdçi, yaşlı nəsil üçün isə ölkənin inkişaf yolunda bir mənbə kimi əhəmiyyət kəsb edir. Maraqlıdır, insanlar üçün Konstitusiya nə deməkdir? Onların fikrincə, bu gün hansı rolu oynayır və vətəndaşların gündəlik həyatına necə təsir edir? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Sabir Muradov: "Konstitusiya dövlətin əsas qanunudur. Təəssüf ki, bir çoxumuz onu oxumur və hətta konstitusiyanın nə olduğunu bilməyən insanlar da var. Biz adətən yalnız bir neçə bəndini bilirik. Hər bir insan öz hüquqlarını bilməli və onları qorumağı bacarmalıdır. Mənim də hüquqlarımın pozulması ilə bağlı başıma bir hadisə gəlmişdi. O zaman müvafiq qurumlara şikayətimi bildirdim və məsələ diqqətlə yoxlanıldı, nəticədə həll olundu. Düşünürəm ki, hər bir vətəndaşın konstitusiyadan xəbərdar olması həm hüquqlarını qorumaq, həm də cəmiyyətdə ədalətin təmin olunmasına töhfə vermək deməkdir".

Şəhər sakini Naibə Süleymanova: "Hər ölkənin öz qanun qaydaları olduğu kimi, bizim respublikamızın da öz qanun qaydaları var. İnsan özünü müdafiə etmək üçün bu qaydaları və qanunları bilməlidir. Bunu bilmək üçün isə təhsil almaq çox vacibdir. Təhsil vasitəsilə vətəndaşlar öz hüquqlarını, öhdəliklərini və dövlətin onlara verdiyi imkanları öyrənir. Hesab edirəm ki, cəmiyyətimizdə hər bir fərdin Konstitusiyanın prinsiplərini anlaması və onlara əməl etməsi həm fərd, həm də dövlət üçün çox böyük əhəmiyyət daşıyır".

Şəhər sakini Nizami Əzizov: "Konstitusiya ali qanundur və bütün qanunlar onun əsasında formalaşır. Bu qanunun düzgün işləməsi üçün müəyyən dövlət strukturları mövcuddur. Konstitusiyada Prezidentin, Daxili İşlər Nazirliyinin, Ali Sovetin və Baş Prokurorluğun bütün funksiyaları detallı şəkildə qeyd olunub. Bunlara əməl etmək vacibdir, çünki əsas məsələ qanunların praktik olaraq tətbiq olunmasıdır. Təəssüf ki, bəzən bu prinsiplərə riayət olunmur. Mən hesab edirəm ki, dövlət orqanları və vətəndaşlar birgə işləyərək Konstitusiyanın əsl mahiyyətini həyata keçirməli, onun verdiyi hüquqları qorumağa sadiq olmalıdırlar".

Şəhər sakini Gülçin Əfəndiyeva: “Mən gənc bir vətəndaş olaraq Konstitusiya Gününü hər zaman böyük maraq və hörmətlə qarşılayıram. Konstitusiya bizim hüquqlarımızı, azadlıqlarımızı qoruyan əsas sənəddir və mənə elə gəlir ki, müstəqil bir ölkədə yaşamaq yalnız mənə deyil, həm də bütün gənc nəsillərə böyük məsuliyyət qoyur. Bu gün həm də Azərbaycanımızın suverenliyini və ərazi bütövlüyünü xatırlatdığı üçün mənim üçün xüsusi əhəmiyyət daşıyır. Universitetdə bu barədə dərslərdə danışarkən həm tariximizi, həm də hüquqlarımızı daha dərindən öyrənmək fürsəti tapıram”.

Şəhər sakini İlyas Abbasov: "Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Konstitusiyanın qəbulu ilə bağlı fərman verməsi xalqımız üçün çox önəmli idi. Əlbəttə, Konstitusiyanın bütün maddələri insanların həyatında əhəmiyyətlidir. Hər bir maddə öz praktik həyata keçirilməsi ilə insanlara xidmət edir və onların hüquqlarını qoruyur. Mən ürəkdən sevinirəm ki, bizim çox gözəl Konstitusiyamız var. 1995-ci ilin 12 noyabrından bu günə kimi Konstitusiya düzgün şəkildə həyata keçirilir. Bəzi maddələr üzərində müəyyən dəyişikliklər və təkmilləşdirmələr olmalıdır, lakin ümumilikdə insan hüquqları qorunur və qanunlarımız düzgün işləyir. Kimsə deyirsə ki, qanun işləməyir, həmin insan ictimai şüuru və Konstitusiyanın mahiyyətini daha dərindən anlamalıdır".

Şəhər sakini Aygün İsmətullayeva: “Konstitusiya Gününü hər il qürur hissi ilə qeyd edirəm. Bizim dövlətimizin əsas qanunu – Konstitusiya, yalnız hüquqi baza deyil, həm də ictimai ədalətin, demokratiyanın və vətəndaş məsuliyyətinin rəmzidir. Həyatımın bu dövründə görürəm ki, Konstitusiya qadınların hüquqlarını qoruyur, sosial təminatımızı gücləndirir və ailəmizin gələcəyini daha etibarlı edir. Bu gün mənim üçün həm hüquqi məlumatlandırma günü, həm də dövlətimizə olan bağlılığımızı göstərmək fürsətidir”.

Şəhər sakini Fuad Qurbaoğlu: "Konstitusiyamız artıq 30 ildir ki, qəbul olunub. Mən düşünürəm ki, hüquqlarımız və söz azadlığımızla bağlı heç bir ciddi problem yoxdur. Bəlkə zaman keçdikcə bəzi dəyişikliklərə ehtiyac yarana bilər, amma bu, yalnız səlahiyyətli qurumların qərarı ilə mümkün olmalıdır. Hazırda isə qanunlarımız və Konstitusiyamızın prinsipləri mənim üçün yetərli və qənaətbəxşdir. Konstitusiya hər bir dövlətin və millətin gələcəyini müəyyən edən ali qanun kitabıdır və insanlar qorunmaq üçün ilk müraciət edəcəyi yerdir".