Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şərqi-Zəngəzur və Qarabağ regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəbrayıl rayonunun Şükürbəyli kəndində fəaliyyət göstərən Davud Məmməd oğlu Sultanlıya məxsus ərzaq mağazasında “Organic Light” və “Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, içkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində məhsulun tündlük göstəricisi etiket məlumatı ilə uyğunsuzluq təşkil edib.
Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub.
Araşdırmalar davam etdirilir.