Geosiyasi maraqlar fonunda HƏSSAS DURUM - TƏHLİL

12 Noyabr 2025 14:17 (UTC+04:00)

Haylar artıq gec də olsa başa düşməlidirlər ki, ölkələri ilə əlaqədar Qərbin təhlükəsizlik zəmanətləri ilə bağlı illüziyaları əsassız, boş və mənasızdır. Başa düşməlidirlər ki, nə zamansa onlara guya ümid verən böyük dövlətlərin öz maraqları var və geosiyasi maraqların mövcudluğu bir reallıqdır. Məhz bu reallıq, daha dəqiq desək, böyük dövlətlərin öz maraqları və geosiyasi maraqlar olduğu halda, Ermənistan kimi kiçik, zəif, çarəsiz bir dövlət, bir ölkə heç bir maraq doğura bilməz. Deməli, başa düşməlidirlər ki, geosiyasi maraqlar fonunda özləri də, ölkələri də həssas durumdadırlar...

Görünür, hazırda Ermənistan müxalifəti, xüsusən də revanşistlər boş, mənasız pafosla çıxış edərkən, öz ölkəsinin hakimiyyətini qızıldan böyük dağlar vəd etməməkdə qınayarkən bir həqiqəti, ölkələrinin də, özlərinin həssas durumda olduğunu ya başa düşmürlər, ya da başa düşmək istəmirlər. Hər iki halda xatırlatmaq istəyirik ki, haqqında qeyd olunan reallıqları, məhz həssas durumda olduqlarını erməni baş nazir Nikol Paşinyan da, onun hakimiyyət komandası da yaxşı başa düşür və bilir ki, hayların hay-küyü də, boş yerə ümidlər bəsləmələri də tamamilə mənasızdır. Sözsüz ki, bu gün qlobal müstəvidə mövcud geosiyasi maraqların olması fonunda Ermənistan hansısa böyük bir maraq nöqtəsi ola bilməz və bunu, bu reallıqları təkcə hayların başbilənləri yox, elə onların dəyirmanına su tökmək istəyində, arzusunda olan, bunun üçün dəridən-qabıqdan çıxan əcnəbi təəssübkeşləri də etiraf edirlər.

Parisdəki Amerika Universitetinin professoru Holl Qardner açıq şəkildə etiraf edir ki, Ermənistan hazırda böyük dövlətlərin geosiyasi maraqları arasında son dərəcə həssas vəziyyətdə qalıb. O, həmçinin vurğulayır ki, Qərbin təhlükəsizlik zəmanətləri ilə bağlı hayların illüziyaları da tamamilə əsassızdır və cəfəngiyyatdan başqa bir şey deyil. Xüsusən də revanşistlərin uydurduqları, iddia etdikləri hərbi təminatın verilməsi ilə bağlı xəyalların da mənasız olduğunu professor Qardner açıq şəkildə bildirir. “Mən siyasi dairələrdə belə bəyanatlar eşitməmişəm. Ola bilsin ki, akademik dairələrdə belə fikirlər səslənir, lakin onlar real qərarlar səviyyəsinə çatmayıb”, deyən Holl Qardner xüsusilə hayların diqqətinə çatdırır ki, Avropada heç kim Ermənistana hərbi təminat verilməsi və ya Avropa Birliyinə dəvət məsələsini ciddi müzakirə etmir. Bax, elə əsl həqiqət budur və bunu başa düşən haylar da, təəssübkeşləri də onların, ölkələrinin hansı həssas durumda olduğunu dərk edirlər.

“Biz nə Amerika qüvvələrinin Ermənistanda yerləşdirilməsi planını, nə də NATO-ya üzvlüklə bağlı real müzakirələri görmürük. Hətta bu gün alyansın genişləndirilməsi ideyası faktiki olaraq gündəmdən belə çıxarılıb”, deyən Amerika Universitetinin professoru bununla hayların diqqətini daha ciddi bir məqama yönəltməyə çalışıb. Daha dəqiq desək, o, ermənilərin diqqətinə çatdırmağa çalışıb ki, Qərbin ritorikasına onların ümid etmələri yanlışlıqdır və həmin ritorikaya baxmayaraq, heç kim Ermənistanın təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməyə nə hazır deyil, nə də hətta bir niyyət belə yoxdur.

Artıq reavnşist düşüncə sahibləri, özlərini müxalifət kimi göstərən qüvvələr, hansısa iddialarda olan, xəyallara, illüziyalara maraqlı olanlar mövcud reallıqları görmək məcburiyyətindədirlər. Ukrayna, Gürcüstan və Moldova kimi region ölkələri də, Ermənistan da öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə ən real variant olaraq neytrallıq modelini nəzərdən keçirməlidir. Elə məhz Amerika Universitetinin professoru Holl Qardner də bu qənaətdə olduğunu gizlətməyib və təəssübkeşliyi fonunda haylara belə bir neytrallıq modelini təklif edib. Daha dəqiq desək, haylara daha hay-küy salmamaq təklif olunub olun tərəfindən də. “Regiona yanaşma yenidən nəzərdən keçirilməli, Şərqi Avropa və Cənubi Qafqaz da daxil olmaqla yeni tip nüvəsiz neytral zona yaradılmalıdır və məhz bu, gərginliyi azaltmağa kömək edər”, deyən Qardner bununla da həssas durumu bir daha xatırladır. Soyuq müharibə dövrünü misal çəkən professor, bir zamanlar Avstriya, Finlandiya və İsveçin sabit və təhlükəsiz qalaraq neytrallığını qoruyub saxlaya bildiklərini nümunə olaraq qeyd edir.

Öz təəssübkeşlərinin tövsiyyələrində belə haylar üçün vurğulanan məqamlar məhz həssas məqamlardır. Əslində, həmin həssas məqamlar, həssas durum xəbərdarlığı da müttəfiqsiz qaldıqlarına bir işarədir. Məhz ermənilərə birbaşa bildirilir və gizlədilmir ki, Ermənistan effektiv müttəfiqsiz qalıb. Bəli, məhz effektiv müttəfiqsiz ifadəsi də tamamilə yerinə düşür. Çünki, ancaq sözdə hansısa müttəfiqlik heç də effektiv müttəfiq demək deyil. Görünən odur ki, bu gün artıq heç də nə zamansa olduğu kimi hansısa dəstəyə haylar qətiyyən ümid edə bilməzlər. Dəfələrlə qeyd olunub ki, hər bir ölkənin öz qayğıları var və Ermənistan dünyanın hansısa böyük ölkəsi üçün də, qlobal müstəvidə geosiyasi maraqlar fonunda diqqət mərkəzində ola bilməz. Yetər ki, bu həqiqəti, bu reallığı haylar özləri də başa düşsünlər. Başa düşsünlər ki, ölkələri geosiyasi maraqlar fonunda çox həssas durumdadır...

Yəqin ki, KTMT kimi tanıdığımız quruma sözün əsl mənasında əl açan haylar gördülər ki, beynəlxalq hüquq belə onların əleyhində oldu. Gördülər ki, xəyallarını gerçəkləşdirmək, uydurmalarını reallaşdırmaq istədikləri zaman da, kömək və dəstək umduqları zaman da əlləri havada qalmış oldu və bunun acısını çox çəkdilər. Bir sözlə, reallıqları qəbul etmədikcə, həssas durumun fərqində olmadıqca, fəlakətlərlə belə üz-üzə qaldıqlarını unutmamalıdırlar. Unutmamalıdırlar ki, Ermənistan bir ölkə olaraq, kimlərinsə maraqlarından çox-çox kənardadır. Görməlidirlər ki, artıq bu ölkə əvvəlki kimi deyil və hayların sığındıqları artıq Ermənistanı çoxdan tərk edib və hətta bəlkə də unudub da. Özü də bu hal birinci dəfə deyil və zaman-zaman haylar beləcə tərk ediliblər və bəlkə də təkcə ötən əsrdə, iyirminci əsirdə dəfələrlə bir kənara atıldıqlarını da unutmayıblar.

Əgər haylar qeyd olunanları ya başa düşmürlərsə, ya da xatırladılanları unudublarsa, daha bir məqamı diqqətə çatdırmaq istərdik ki, Qərbin, Amerikanın regiona baxışı tamamilə, özü də köklü şəkildə dəyişib. Artıq Ermənistanın, ermənilərin arzuları kimləri isə qətiyyən maraqlandırmır və bu barədə düşünən belə yoxdur. Bu vaxta qədər ancaq hansısa dövlətlərə, qüvvələrə arxalanaraq ortaya atılan və bəzən də dilemmalarla çıxış edən ermənilər bilməlidirlər ki, indi vəziyyət heç də gördükləri və alışdıqları kimi deyil. Ola bilsin ki, bir zamanlar alət olmaları ilə kimlərinsə işinə yaraya bilirdilər və buna görə də özlərini vacib və lazımlı hesab ediridilər. Bəlkə də gördükləri dəstəyin fonunda hardasa haqlı görünə də bilərdilər. Amma indi bunu düşünmələri belə mümkün deyil. Çünki böyük dövlətlərə daha alət də lazım olmur və regionda tamamilə fərqli mənzərə və buna görə də fərqli maraqlar yaranıb. Bu mənzərə və maraqlar da haylar üçün daha həssas hesab olunur. Ona görə ki, onların əl-qolu yığılıb və daha öz ayaqları üzərində dayanmalı, dünyanın dəyişikliklərinə adekvat reaksiya göstərməlidirlər. Bu isə hər zaman hansısa dövlətlərin, qüvvələrin kölgəsində olanlar üçün bir qədər çətin görünür. Amma hayların bir daha diqqətinə çatdırmaq istərdik ki, onlar üçün başqa çıxış yolu yoxdur. Çünki həqiqətən də məhz indiki geosiyasi maraqlar fonunda həssas durum göz önündədir...