“Türkiyə və Pakistan liderlərinin Zəfər paradında iştirakı Azərbaycan əleyhdarlarına ciddi xəbərdarlıq mesajı oldu”

12 Noyabr 2025 12:42 (UTC+04:00)

“Noyabrın 8-də Azadlıq Meydanında keçirilən və tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş hərbi parad təkcə ölkəmizin hərbi qüdrətini və zəfər ruhunun təcəssümü olmadı, bu tarixi zəfər yürüşü həm də dünyanın güclü dövlətlərinin Azərbaycana olan etimad və rəğbətinin göstərcisi idi. Çünki dünən Azərbaycana qardaş olan Türkiyə və Pakistan kimi güclü ölkələrin liderlərinin və hərbçilərinin bu paradda iştirakı dünyada analoqu olmayan, bənzəri tapılmayan bir hadisə idi. Bu, ilk növbədə Azərbaycana qarşı məkrli mövqe tutan qüvvələrə ciddi xəbərdarlıq mesajı idi”.

Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, 44 günlük müharibə zamanı rəmsi Ankara və İslamabadın açıq şəkildə Azərbaycanın haqq davasına göstərdikləri dəstək həm də tarixi qardaşlıq münasibətlərinin növbəti sübutu kimi dəyərləndirilməlidir. Təbii ki, Türkiyə və Pakistanla münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələr siyasi, hərbi, iqtisadi, mədəni və sosial bütün sahələri əhatə edən dərin dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Əlbəttə, bu əlaqələrin sıx tellərlə bağlı olmasında Azərbaycan, həm Türkiyə, həm də Pakistan rəhbərlərinin şəxsi dostluğu da mühüm rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zəfər yürüşündə qeyd etdiyi kimi, bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Azərbaycan-Türkiyə-Pakistan tərəfdaşlığı həm də rəsmi Bakının bölgədənin lider ölkəsi kimi təsir gücünü və təhlükəsizlik imkanlarını artırır.

Ayşən Vəli