Dövlət büdcəsində növbəti il üçün cari xərclərin 68,1 faizi sosialyönlü xərclərin payına düşür

12 Noyabr 2025 12:37 (UTC+04:00)

Növbəti il üçün cari xərclərin əsas hissəsi (68,1 faiz) məhz sosialyönlü xərclərin payına düşür. 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz çoxdur. SİA xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bu xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərinin payına düşməklə, son 5 ildə (2022-2026-cı illər) 4,4 milyard manat və ya 39,6 faiz artıb. O bildirib ki, sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaq. Bu, cari ilə nisbətən 121,0 milyon manat və ya 2,6 faiz, ötən ilə nisbətən 722,0 milyon manat və ya 17,4 faiz çoxdur. Həmin vəsaitin 3,2 milyard manatı və ya 65,3 faizi sosial ödənişlərin və digər sosial təminat xərclərinin payına düşür.

H.Məmişov vurğulayıb ki, sosial müdafiə və təminat xərclərinin 34,7 faizini və ya 1,7 milyard manatını isə dövlət öhdəliklərinin maliyyə təminatı üçün Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait təşkil edir. Nazir müavini qeyd edib ki, son beş ildə (2022-2026-cı illər) sosial müdafiə və sosial təminat xərcləri mütləq ifadədə 1,4 milyard manat və ya 40,7 faiz artıb.