Son 5 il ərzində ümumi daxili məhsulda (ÜDM) nominal ifadədə 36,7 milyard manat və ya 39,3 faiz, o cümlədən qeyri-neft ÜDM-də 36 milyard manat və ya 62,7 faiz artım müşahidə olunur. SİA xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həmin müddət ərzində dövlət büdcəsinin gəlirlərində 12 milyard manat və ya 45,3 faiz, o cümlədən qeyri-neft gəlirlərində 7,2 milyard manat və ya 55,9 faiz, dövlət büdcəsinin xərclərində isə 14 milyard manat və ya 51 faiz artıma nail olunub. Nazir müavini vurğulayıb ki, qeyri-neft gəlirlərinin ortaillik artım tempi neft gəlirlərinin ortaillik artım tempini 7,8 faiz bəndi üstələyib.
“Bildirmək istərdim ki, növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin ortaillik ixrac qiyməti 65 ABŞ dolları, ortaillik inflyasiya 4,8 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,9 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 5,0 faizlik real artımı əsas kimi götürülüb”, - deyə H.Məmişov əlavə edib.