"Kənd təsərrüfatı istənilən ölkənin iqtisadi təhlükəsizliyinin əsas dayaqlarından biridir. Azərbaycanın da ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın azaldılması baxımından bu sahədə innovasiyaların tətbiqi həlledici rol oynaya bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, müasir dövrdə kənd təsərrüfatında innovativ texnologiyalar yalnız məhsuldarlığı artırmaqla məhdudlaşmır, eyni zamanda resursların - torpağın, suyun və enerjinin daha səmərəli istifadəsini təmin edir: "İlk növbədə qeyd etmək lazımdır ki, ağıllı kənd təsərrüfatı (smart agriculture), rəqəmsal idarəetmə sistemləri, aqrodronlar, sensor əsaslı suvarma sistemləri və genetik cəhətdən məhsuldar toxumlar kimi innovasiyalar fermerlərə konkret qərarların daha dəqiq və operativ şəkildə verilməsinə imkan yaradır. Bu isə həm məhsuldarlığın artmasına, həm də itkilərin azalmasına səbəb olur. Hazırda Azərbaycan bir sıra strateji ərzaq məhsullarının - buğda, şəkər, süd və ət məhsullarının - müəyyən hissəsini idxal edir. Lakin yerli istehsalın texnoloji modernləşdirilməsi bu asılılığın tədricən azalmasına gətirib çıxara bilər. Məsələn, torpaq və iqlim şəraitinə uyğun yüksək məhsuldar toxum sortlarının genetik laboratoriyalarda yetişdirilməsi, suvarmada damcı üsulunun və meteoroloji monitorinq sistemlərinin tətbiqi nəticəsində məhsulun həm həcmi, həm də keyfiyyəti yüksələcək.
Digər vacib məsələ emal sənayesinin innovativ əsasda inkişafıdır. Əgər kənd təsərrüfatı məhsulları yerindəcə emal olunarsa, əlavə dəyər zənciri formalaşar və bu da xarici məhsullara olan tələbatı azaldar. Bu baxımdan “Aqroparklar” və “Rəqəmsal kənd” layihələrinin genişləndirilməsi ölkədə ərzaq istehsalının sabitliyinə və ixrac potensialına ciddi təsir göstərə bilər. Kənd təsərrüfatında innovasiyaların tətbiqi sadəcə texnoloji yenilik deyil, iqtisadi təhlükəsizlik tədbiridir. Bu, həm ərzaq idxalının azalması, həm də yeni ixrac imkanlarının yaranması baxımından strateji əhəmiyyət daşıyır. Dövlətin bu istiqamətdə subsidiya, vergi güzəşti və innovasiya təşviqi siyasəti də mühüm rol oynayacaq. Beləliklə, kənd təsərrüfatında innovativ yanaşma Azərbaycanın ərzaq müstəqilliyini möhkəmləndirən əsas faktorlardan biri kimi çıxış edir və uzunmüddətli perspektivdə idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilər".