Azərbaycan Respublikasının Konstitusiyası-Müstəqil dövlətçiliyimizin hüququi bünövrəsi

11 Noyabr 2025 13:28 (UTC+04:00)

Azərbaycanın müstəqillik tarixinə nəzər saldıqda, bütün sahələrdə əldə edilən mühüm nailiyyətlərin, dövlətçiliyin möhkəmlənməsinin və milli tərəqqi prosesinin bilavasitə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi ilə bağlı olduğu aydın görünür. Ümummilli Liderin müstəqil Azərbaycan dövlətçiliyi qarşısında ən mühüm tarixi xidmətlərindən biri müasir dövrün tələblərinə cavab verən ilk milli Konstitusiyanın qəbuluna nail olmasıdır.

1995-ci il 15 dekabr tarixli Fərmanı ilə Heydər Əliyev hər il 12 noyabrın “Konstitusiya Günü” kimi qeyd olunmasını təsbit etmişdir. Bu qərar, həm hüquqi dövlət quruculuğu, həm də demokratik idarəetmə prinsiplərinin bərqərar olması baxımından mühüm strateji əhəmiyyət kəsb edir. 12 noyabr tarixi, müasir Azərbaycan Respublikasının siyasi-hüquqi təməlinin qoyulduğu və xalqın öz suveren iradəsini qanun şəklində təsbit etdiyi bir gün kimi tarixə düşmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi yaranmasına baxmayaraq, cəmi 23 ay fəaliyyət göstərdiyindən müstəqil dövlətin əsas qanununun hazırlanması və qəbul edilməsi mümkün olmamışdı. Nəticədə, Azərbaycanın konstitusiya təcrübəsinin formalaşması prosesi sovet dövrünə təsadüf etmişdir.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da keçirilən I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. SSRİ-nin təşəkkül tapması ilə əlaqədar 1925-ci ildə IV Qurultayda sənədə əlavə və dəyişikliklər edilmiş, 1927-ci il martın 26-da isə V Qurultay tərəfindən yeni Konstitusiya təsdiq olunmuşdur. Daha sonra, 1937-ci il martın 14-də SSRİ-nin yeni Konstitusiyasına uyğun olaraq Azərbaycan SSR-in növbəti Konstitusiyası qəbul edilmişdir.

SSRİ-nin 1977-ci ildə yenilənmiş Konstitusiyasının qəbulu Azərbaycan SSR-də də yeni hüquqi sənədin hazırlanmasını zəruri etmişdi. Bunun nəticəsində 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul edildi və bu sənəd Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ilədək qüvvədə qaldı.

1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkə qarşısında duran əsas vəzifələrdən biri sovet hüquq sisteminin köhnəlmiş modelindən imtina edərək, yeni dövrün tələblərinə cavab verən milli hüquqi sistemin formalaşdırılması idi. Lakin müstəqilliyin ilk illərində hökm sürən siyasi sabitsizlik, hakimiyyət böhranı və vətəndaş qarşıdurması təhlükəsi bu istiqamətdə islahatların həyata keçirilməsinə imkan vermirdi. Dövlətçiliyin məhv olmaq təhlükəsi yarandığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkənin hüquqi, siyasi və sosial dirçəlişinin başlanğıc nöqtəsinə çevrildi.

Məhz Ulu Öndərin uzaqgörən siyasəti və prinsipial iradəsi nəticəsində hüquqi dövlət quruculuğu prosesinə sistemli yanaşma tətbiq olundu və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi — referendum yolu ilə qəbul edildi. Bu hadisə, dövlətçiliyimizin inkişafında dönüş nöqtəsi olmaqla, Azərbaycanın gələcək siyasi, iqtisadi və sosial istiqamətini müəyyənləşdirdi.

Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü, Azərbaycan Respublikasının suverenliyini, müstəqil dövlətçilik ənənələrini və hüquqi idarəetmə prinsiplərini təcəssüm etdirən ən mühüm tarixlərdən biridir. Bu gün yalnız əsas qanunun qəbul olunduğu tarixi deyil, həm də insan hüquqları, azadlıqlar və demokratik dəyərlərin təminat altına alındığı bir mərhələnin başlanğıcını simvolizə edir.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir, hüquqi və demokratik dövlət modelinin əsaslarını təsbit edir. Beş bölmədən ibarət bu sənəd dövlətin siyasi, iqtisadi və sosial həyatını tənzimləyən, cəmiyyət və hakimiyyət arasında qarşılıqlı məsuliyyəti təmin edən ali hüquqi aktdır. Konstitusiyanın əsas prinsipləri aşağıdakı istiqamətləri əhatə edir:

1. Dövlət suverenliyi və müstəqillik – Konstitusiyada Azərbaycan Respublikası müstəqil, demokratik, dünyəvi və hüquqi dövlət kimi təsbit olunur; onun ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi təmin edilir.

2. Hüquqi dövlət prinsipi – qanunların aliliyi, ədalət və bərabərlik prinsipləri hüquq sisteminin əsasını təşkil edir; bütün vətəndaşlar qanun qarşısında bərabərdir.

3. İnsan hüquqları və azadlıqları – hər bir şəxsin söz, vicdan, mətbuat, din və sərbəst toplaşma azadlıqları, həmçinin təhsil, səhiyyə və sosial təminat hüquqları təmin edilir.

4. Hakimiyyət bölgüsü prinsipi – dövlət hakimiyyəti üç müstəqil qola — qanunverici (Milli Məclis), icraedici (Prezident) və məhkəmə hakimiyyətinə bölünür; bu bölgü qarşılıqlı nəzarət və balans mexanizmini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli dövlətçilik ideologiyasını və vətəndaş məsuliyyətini təcəssüm etdirən fundamental sənəddir. O, ölkədə siyasi sabitliyi, sosial ədaləti və hüquqi münasibətlərin bərabərliyini təmin etməklə, dövlət-vətəndaş əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının siyasi-hüquqi inkişaf tarixi göstərir ki, dövlətçilik ideyalarının reallaşması, milli suverenliyin möhkəmlənməsi və hüquqi dövlət quruculuğunun təmin olunması prosesində Konstitusiyanın rolu misilsizdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi, iqtisadi və hüquqi sisteminin təməlini qoydu. 2025-ci ildə bu mühüm hadisənin 30 illiyi qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm bu tarixi sənədin dövlət quruculuğundakı əvəzsiz roluna, həm də ölkəmizin tam suverenliyə nail olmasının əhəmiyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Azərbaycan Konstitusiyası dövlətin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşların bərabər hüquqlarını təsbit edən ali hüquqi sənəddir. Lakin 30 il əvvəl qəbul edilən bu sənədin bəyan etdiyi prinsiplərin tam bərqərar olması yalnız 2020-ci ildən sonra mümkün olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı, dövlətin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa edildi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı isə ölkə suverenliyinin tam təmin olunması ilə nəticələndi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilən bütün ərazilərdə bərqərar oldu və bu, milli dövlətçiliyimizin yeni tarixi mərhələsini müəyyənləşdirdi.

Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, “Biz dövlət suverenliyimizi tam bərpa etmişik və bu, müstəqillik tariximizin ən böyük nailiyyətidir.” Məhz bu səbəbdən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi, siyasi və ideoloji baxımdan milli dövlətçilik tariximizdə simvolik hadisədir.

30 il ərzində Konstitusiya ölkəmizin inkişaf dinamikasına uyğun şəkildə mütəmadi təkmilləşdirilmiş, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlarla müasir çağırışlara cavab verən hüquqi dəyişikliklər edilmişdir. Bu dəyişikliklər nəticəsində idarəetmə sistemi daha çevik və şəffaf xarakter almış, insan hüquqlarının müdafiəsi və vətəndaş məsuliyyətinin təminatı güclənmişdir.

Prezident İlham Əliyevin 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə təsis edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı hüquqi dövlətin möhkəmlənməsinə, Konstitusiya prinsiplərinin qorunmasına və təbliğinə xüsusi töhfə vermiş şəxslərin fəaliyyətinə verilən yüksək dövlət qiymətidir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın siyasi-hüquqi inkişaf strategiyasının yeni mərhələsinə keçidin rəmzidir. Bu il çərçivəsində təsdiq olunmuş Tədbirlər Planı hüquqi dövlət institutlarının daha da möhkəmləndirilməsi, vətəndaşların hüquq mədəniyyətinin artırılması, dövlət orqanlarında qanunçuluq prinsipinin təbliği və gənc nəsildə konstitusion dəyərlərin formalaşdırılması kimi istiqamətləri əhatə edir.

Bu təşəbbüs həm də dövlətin hüquqi sisteminin təkmilləşdirilməsinə, idarəetmə mexanizmlərinin müasirləşdirilməsinə və suverenliyin qorunmasına yönəlmiş strateji siyasətin davamıdır.

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının, hüquqi dövlət quruculuğunun və milli birliyinin təntənəsidir. Bu il, eyni zamanda, 30 il əvvəl Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə qoyulmuş hüquqi təməlin, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəmləndirilmiş müasir dövlət modelinin zirvəyə çatmasının rəmzidir.

Hər il dövlət səviyyəsində qeyd edilən Konstitusiya Günü, Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənməsi prosesinin rəmzi və vətəndaşların qanun qarşısında bərabərliyi, azadlığı və məsuliyyət hissinin təbliği baxımından mühüm ideoloji məna daşıyır. Bu günün qeyd edilməsi hüquqi düşüncənin, vətəndaş şüurunun və dövlətçilik dəyərlərinin daha da dərinləşməsinə xidmət edir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin ən mühüm hüquqi təminatı, dövlətin möhkəm dayağı və xalqın iradəsini ifadə edən ali sənəd olaraq, müasir hüquqi dövlətin təməl sütununu təşkil edir.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini