İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir

11 Noyabr 2025 11:22 (UTC+04:00)

İnşaatçılar prospektində yeni mikromobillik zolağı təşkil edilir. AYNA-dan SİA-ya verilən məlumata görə, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər Yasamal rayonunun küçə və prospektlərində davam etdirilir. Belə ki, daha öncə Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər İnşaatçılar prospektində aparılır.

İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə kimi mikromobillik zolağı yaradılarkən hərəkət zolaqlarının ölçüləri standartlara uyğunlaşdırılıb və sayı dəyişməz olaraq qalıb.

Qeyd edilib ki, prospektdə aparılan təhlillər nəticəsində piyadaların rahatlığı və təhlükəsizliyi üçün tələbat olan yerlərdə yeni eynisəviyyəli piyada keçidləri də təşkil olunacaq.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının quraşdırılmasına başlanılacaq.