Belçikanın şimalında yerləşən “Doel” atom elektrik stansiyası üzərində üç dronun uçduğu müşahidə olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məlumatı ictimaiyyətə “Engie” enerji şirkəti açıqlayıb. “Engie” şirkətinin sözçüsü Hellen Smits bildirib ki, bu hadisə stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib. “Məsələ ilə əlaqədar aidiyyəti xidmətlər vəziyyəti yaxından izləyir”, – deyə o əlavə edib.
Hadisə ilə bağlı “Scheldewaas” polis idarəsi isə açıqlama verməkdən imtina edib.
Dünən axşam “Doel” üzərində dronlar göründüyü vaxtda, “Liyej" hava limanında da oxşar hadisə qeydə alınıb. Hava hərəkəti ilk dron siqnalından sonra, saat 19:30 radələrində dayandırılıb. Daha sonra 19:45-də iki başqa dron müşahidə olunub. Nəticədə uçuşlar təxminən 20:25-də bərpa edilib.
Keçən həftə ərzində “Liyej” hava limanında demək olar ki, hər gün dronların müşahidəsi barədə məlumatlar daxil olub. Hətta şənbə axşamı da hava hərəkəti yarım saatlıq fasilə ilə dayanıb.
Brüssel və hərbi bazalar da hədəfdə
Oxşar hadisələr Brüssel hava limanında da qeydə alınıb. Çərşənbə axşamı və cümə axşamı gecə saatlarında uçuşlar müvəqqəti dayandırılmışdı. Son həftələr ərzində Belçikanın bir neçə hərbi bazası üzərində də dronların uçuşu barədə məlumatlar verilib.
Hazırda təhlükəsizlik orqanları bu hadisələrin mənşəyini və məqsədini araşdırır. Enerji və müdafiə obyektləri üzərində artan dron fəaliyyəti ölkədə təhlükəsizliklə bağlı narahatlıqları gücləndirib.