“Bayrağımız müstəqilliyimizin, qürurumuzun və varlığımızın simvoludur” -SORĞU

10 Noyabr 2025 14:15 (UTC+04:00)

Hər il noyabrın 9-da Azərbaycan xalqı böyük qürur hissi ilə Dövlət Bayrağı Gününü qeyd edir. Bu gün yalnız bir dövlət atributunun deyil, bütöv bir millətin azadlıq, müstəqillik və birliyə olan sarsılmaz inamının rəmzidir. Üçrəngli bayrağımız — mavi, qırmızı və yaşıl rəngləri ilə həm tarixi köklərimizi, həm bu günümüzü, həm də gələcəyə olan inamımızı ifadə edir. Bu münasibətlə SİA-da şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb. Onlar üçün bayraq sadəcə bir simvol deyil, qürur, şəhid qanı və milli kimliyimizin təcəssümüdür.

Şəhər sakini Şiruyə Mərdanov: “Bayraq bizim dövlətimizin rəmzidir, atributudur, varlığımızın nişanəsidir. Bayraq bizim hər şeyimizdir. Hər bir dövlətin özünün bayrağı, gerbi olduğu kimi, Azərbaycan xalqının da öz müqəddəs dövlət bayrağı var. İlk dəfə bu üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi kimi qəbul olunub. Daha sonra Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu bayraq yenidən uca zirvələrdə dalğalandı və ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımıza qaytarıldı. Bu gün bu bayraq bizim başımızın tacıdır. Bayraq Günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Bayrağımız hər zaman azad səmalarda dalğalansın!"

Şəhər sakini Emirxan Kişiyev: “Bayrağın önəmi bizim üçün çox böyük və xüsusi yerdədir. Çünki bu müqəddəs bayraq uğrunda minlərlə şəhidimiz canını fəda edib, qazilərimiz sağlamlığını itirib. Bayraq hər bir xalqın qürur mənbəyi, kimliyinin ən parlaq simvoludur. Bizim üçrəngli bayrağımızın hər rəngi özündə dərin mənalar daşıyır: göy rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizi və inkişaf yolumuzu, yaşıl rəng isə islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bu bayraq Azərbaycan xalqının ruhunu, tarixi köklərini və gələcəyə inamını əks etdirir. Bayrağımız bizim üçün sadəcə bir parça deyil, o, qanla, alın tərilə yoğrulmuş müqəddəs dəyərdir. Allah xalqımızı, dövlətimizi və üçrəngli bayrağımızı daim qorusun!”

Şəhər sakini Ruxsarə İsmayılova: “Bayraq mənim üçün azadlığımızı, müstəqilliyimizi, suverenliyimizi və qurtuluşumuzu simvolizə edir. O, Azərbaycan xalqının milli kimliyinin və birliyinin rəmzidir. Bu gün biz sülh və əmin-amanlıq içərisində yaşayırıqsa, bu, ölkə başçımızın uzaqgörən siyasəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində mümkün olub. Hər dəfə üçrəngli bayrağımızın ucalarda dalğalandığını görəndə qəlbim qürurla dolur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Arzum odur ki, bayrağımız hər zaman səmalarımızda dalğalansın, heç vaxt enməsin!”

Şəhər sakini Tamerlan Zeynalov: “Bayrağın mənası və önəmi haqqında danışarkən hər bir azərbaycanlının qəlbində böyük qürur hissi oyanır. ‘Bir kərə yüksələn bayraq, bir daha enməz!’, sadəcə bir şüar deyil, Azərbaycan xalqının əzmini, mübarizliyini və dövlətinə sədaqətini ifadə edən böyük bir anddır. Bu gün biz həmin kəlamın gerçəkliyini yaşayırıq. Çünki 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər bu sözlərin təsdiqi oldu. Biz düşmənə qalib gəldik, torpaqlarımızı azad etdik və bu bayraq o müqəddəs torpaqlarda ucaldı. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan xalqı bu bayrağa layiq xalqdır. Biz həm keçmişimizlə, həm bu günümüzlə, həm də gələcəyə inamımızla fəxr edirik. Bayrağımız daim yüksəklərdə dalğalansın - çünki o, qələbəmizin, birliyimizin və qürurumuzun simvoludur".

Şəhər sakini Arifə Həşimova: “Bayrağımız mənim üçün sadəcə bir simvol deyil, o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin və azadlığımızın təcəssümüdür. Hər dəfə üçrəngli bayrağımızın səmada dalğalandığını görəndə qəlbimdə dərin qürur hissi oyanır. Çünki bu bayraq uğrunda minlərlə qəhrəman oğul və qız canını fəda edib. O, şəhid qanı ilə ucalan, xalqın birliyindən doğulan müqəddəs rəmzdir. Mənim üçün bayraq Azərbaycanın namusu, heysiyyəti, kimliyidir. Bayrağımıza hörmət etmək, onu qorumaq, uca tutmaq hər bir vətəndaşın mənəvi borcudur. Biz bu bayraq altında birləşirik, bu bayraq altında mübarizə aparırıq, bu bayraq altında gələcəyə addımlayırıq. Arzum budur ki, üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın və heç vaxt enməsin".

Şəhər sakini Rauf Quliyev: “Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, dövlətimizin suverenliyinin və milli birliyimizin ən ali rəmzidir. Bu bayraq bizi birləşdirən, ortaq məqsədlər ətrafında toplayan ən müqəddəs dəyərlərdən biridir. Mən hər dəfə xaricə səfər etdiyimdə orada Azərbaycan bayrağını görəndə qəlbim qürurla dolur. Çünki o anda anlayırsan ki, bu bayraq min illər boyu davam edən dövlətçilik ənənəmizin, xalqımızın mübarizə ruhunun və sarsılmaz iradəsinin simvoludur. Üçrəngli bayrağımız təkcə keçmişimizin deyil, həm də gələcək nəsillərin yolunu işıqlandıran bir dəyərlər nişanəsidir. Bayraq bizim milli birliyimizin, azadlıq ideallarımızın və əbədi müstəqilliyimizin simvolu kimi hər bir azərbaycanlının qəlbində yaşamalıdır".

Şəhər sakini Cavid Nəsirov: “Mənim üçün bayraq azadlıq, müstəqillik və qürur deməkdir. Universitetdə təhsil alarkən hər auditoriyada asılmış üçrəngli bayrağımıza baxanda içimdə xüsusi bir motivasiya yaranır. O mənə xatırladır ki, bu gün biz azad ölkədə təhsil alırıqsa, gələcəyimizi öz əlimizlə qururuqsa, bunu o bayraq uğrunda canından keçən qəhrəmanlara borcluyuq. Bayrağımız təkcə rəmz deyil - o, bir ruhdur, bir dəyərlər toplusudur. Bu bayraq mübarizənin, birliyin, azad yaşamaq iradəsinin təcəssümüdür. Biz gənclər bu dəyərləri yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək borcundayıq. Hər dəfə bayrağa baxanda içimdə vətən sevgisi, məsuliyyət və qürur hissi daha da artır. Çünki o bayraq bizim kimliyimizi, tariximizi və gələcəyə inamımızı əks etdirir".