Çin ABŞ-nin gəmiqayırma sənayesinə qarşı tədbirlərin həyata keçirilməsini bir il müddətinə dayandırır. SİA xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Qurumdan bildirilib ki, söhbət ABŞ gəmilərinə tətbiq olunan xüsusi liman rüsumunun alınmasının bir il müddətinə təxirə salınması qərarından gedir. Bundan əlavə, gəmiçilik sənayesi, gəmiqayırma sənayesi və əlaqəli sənaye təchizat zəncirlərinin təhlükəsizliyinə və inkişaf maraqlarına təsirlə bağlı vəziyyətin araşdırılması dayandırılır.
Müvafiq qərarlar Kuala-Lumpurda Çin və ABŞ arasında ticarət danışıqlarında əldə edilmiş razılaşmalar əsasında qəbul edilib. Həmçinin oktyabrın sonunda Çin Ticarət Nazirliyindən bildirilib ki, Vaşinqton Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında aparılmış danışıqların nəticələrinə əsasən Çinin gəmiqayırma sənayesinə qarşı tədbirləri bir il müddətinə dayandıracaq, Pekin isə simmetrik cavab verəcək.