“Ramada by Wyndham Baku” hotelinin ərazisində yerləşən Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində keçirilən “SFA Federasiya Kuboku 2025” yarışı uğurla yekunlaşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, noyabrın 9-da turnirin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən SFA-nın prezidenti Qüdrət Qurbanov yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, Federasiyanın ölkəmizdə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.
Yarışın səkkizinci dəfədir keçirildiyini bildirən Federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni bu il turnirə Türkiyədən də idmançıların qoşulduğunu qeyd edib: "24 idmançı ilə üç gün boyunca, yəni noyabrın 7-dən 9-dək yarışlar keçirildi və bu ilin Azərbaycan yelkən çempionları müəyyənləşdirildi. Məqsədimiz Azərbaycan bayrağını beynəlxalq turnirlərdə, olimpiya oyunlarında yüksəklərə qaldırmaqdır. Odur ki, Xəzər dənizində təlim-məşqlərimizi davam etdirəcəyik".
Daha sonra mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.
ILCA 4 sinfi üzrə nəticələr
• I yer — Davud Babazadə
• II yer — Ameliya Əliyeva
• III yer — Nəzrin Məmmədova
Optimist Junior sinfi
• I yer — Ece Deniz Gursel (ARM Urla, Türkiyə)
• II yer — Kamilla Həsənova
• III yer — Ayaz Yılmazer
Optimist Qızlar sinfi
• I yer — Nehir Uygur (ARM Urla, Türkiyə)
• II yer — Emel Məmmədli
• III yer — Yağmur Həsənli
Optimist Ümumi sinfi
• I yer — Kamal Bəşirli
• II yer — Nurlan Ağazadə
• III yer — Nehir Uygur (ARM Urla, Türkiyə)
Qaliblər arasında olan Davud Babazadə jurnalistlərə müsahibəsində çətin məşqlərin bəhrəsini gördüyünü və əziyyətinin birinciliklə nəticələndiyini bildirib: " Bundan əvvəl də, yəni son üç ildə keçirilən yarışlarda mükafatçılar sırasında olmuşam. Hədəfim Azərbaycanı Avropada və digər beynəlxalq yarışlarda uğurla təmsil etməkdir. Bunun üçüm var qüvvəmlə çalışacağam".