Noyabrın 8-də Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibəti ilə təsis olunan “ZƏFƏR” mükafatının təqdimatı keçirilib.
SİA-nın məlumatına görə, teatrdan bildirilib ki, mükafat yaradıcı şəxslərin vətənpərvərlik, milli birlik, qəhrəmanlıq və zəfər ruhunun gələcək nəsillərə ötürülməsində göstərilən xidmətlərinin və nailiyyətlərinin qiymətləndirilməsini və mükafatlandırılmasını özündə ehtiva edir.
“Zəfər” mükafatı Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nurzadəyə, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən Xalq artisti Nurəddin Mehdixanlıya, Xalq artisti Firəngiz Mütəllimova tərəfindən 44 günlük Vətən müharibəsinin iştirakçıları - Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusifov, Rüfət Cabbarov və Fuad Cəbrayılova təqdim edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçıları təbrik ediblər, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramlarını bildiriblər.
44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümü münasibətilə ölkəmizdə çox sayda tədbirlər, mərasimlər, layihələr həyata keçirilir. Belə tədbirlərdən biri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” Musiqi və Teatr Festivalıdır. Festival çərçivəsində ölkəmizin teatr və konsert müəssisələrində, habelə muzey və sərgi salonlarında qələbəmizə həsr olunmuş tamaşa, konsert və sərgilər təqdim olunacaq. Bu sırada Akademik Milli Dram Teatrında oynanılan “Baş”, “Qarabağnamə” və “Xurşidbanu Natəvan” tamaşaları “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində tamaşaçılara nümayiş edilir.