“Üçrəngli bayraq altında ərazi bütövlüyünün bərpası” - Yunus Oğuz

9 Noyabr 2025 16:38 (UTC+04:00)

"Dünən 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin ildönümü ilə bağlı möhtəşəm parad keçirildi. Parad, ümumilikdə, MDB məkanında xüsusi əhəmiyyətə malik idi. İlk dəfə olaraq xarici dövlətlərin - qardaş Türkiyənin və Pakistanın əsgərləri də bu paraddan keçdilər". SİA xəbər verir ki, bu sözləri yazıçı-publisist Yunus Oğuz Zəfər günü ilə bağlı Olaylar.az-a açıqlamasında deyib.

Yazıçı bildirib ki, həmçinin paradda Azərbaycanın yeni silahları nümayiş etdirildi, baxmayaraq ki, onların hamısı göstərilmədi. Əgər cəmi 5 min əsgərimiz paradda iştirak edibsə, bu, ordumuzun yalnız bir hissəsidir. Elə həmin 5 min əsgərin özü belə, istənilən döyüş meydanında fəal iştirak etməyə kifayət edər.

Yunus Oğuz qeyd edib ki, Azərbaycan daim silah arsenalını gücləndirir, təchizatını artırır, dünyanın ən müasir silahlarını əldə edir. Bu da onu göstərir ki, bu gün dünyada və regionda müxtəlif münaqişələr, müharibələr davam edir, buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini və sabitliyini təmin etmək gücündədir. Biz istəyirik ki, analarımız, atalarımız, uşaqlarımız rahat yaşasınlar - bunun üçün Azərbaycan daha da qüdrətli olmalıdır.

"Bir məqama da diqqət çəkmək istəyirəm: Azərbaycan ilk dəfə olaraq ərazi bütövlüyünü tam şəkildə qeyd etdi. 2023-cü ilin sentyabr ayında bu məqsədə nail olundu və bu gün, Bayraq Günündə, bu qələbəni xüsusi qürurla qeyd edirik.

Azərbaycan ilk dəfədir ki, üçrəngli bayrağı altında - dalğalanan bayrağının kölgəsində - ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu, bizim üçün çox böyük xoşbəxtlikdir.

İndiyədək üçrəngli bayrağımızın altında belə bir qələbə yaşamamışdıq, bu gün isə o bayraq qalibiyyət rəmzi kimi göylərdə dalğalanır", - deyə yazıçı əlavə edib.